USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəli, manatın dəyəri formalaşır — “Bəyəm, pisdir rəqabət?”

23.04.2025 İqtisadiyyat
0 0
Ekspertlərin Azərbaycan banklarında likvidliklə bağlı problemin olması fikri tamamilə yanlışdır. Bununla qəti razı deyiləm. Banklar indi hər bir manata görə rəqabət aparır. Bəyəm, pisdir rəqabət?

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında bildirib. Media nümayəndəsi ona, ekspertlərin ölkədəki kommersiya banklarında likvidlik problemi ilə bağlı müzakirələrinin olduğunu bildirmişdi.

“Bu sözü mən bir ildən çoxdur eşidirəm. Likvidliklə bağlı olan bazarda artıq çoxdan böhranlar baş verərdi. Normaldır, maşallah! İkincisi, bizim likvidlik çatışmazlığı və izafi likvidlik şəraitində alətlərimiz var, hansı ki, AMB onları istifadə də edir”.

“Bəli, manatın dəyəri formalaşıb” deyən AMB sədri fikrini bununla izah edir ki, keçmişdə bizim (təxminən 2022-ci ilin aprelinə qədər – Kazımov həmin dövrdən bu tərəfə quruma rəhbərlik edir) AMB fərqli siyasət həyata keçirirdi.

“Bank sektorunda izafi likvidlik vardı. Vəsaitlər hesablarda qalırdı. Heç bir dəyər formalaşmırdı. Mərkəzi Bank artıq öz pul siyasətini dəyişdirdikdən sonra, həyata keçirdiyi islahatların nəticəsi olaraq artıq hər bir manatın dəyəri formalaşıb. Siz bu gün rahat deyə bilərsiniz ki, AZİR indeksimiz var, üç illik manatımız bu qədər, bir illik bu qədər qiyməti var. Risksiz…”

Bəli, izafi likvidliyi (indiyə qədərki) Mərkəzi Bank sterilizasiya etməli idi. Etdi və banklar hər bir manata görə əhali və banklara pul (faiz kimi) ödəyirlər. Məhz bunun hesabına banklar 2024-cü ildə bazara çıxaraq 50 mindən çox əmanətçi cəlb etdilər. İzafi likvidlik də problemdir. Bu o deməkdir ki, Mərkəzi Bankın transmissiyası çalışmır, təsiri yoxdur, böhran zamanı həmin izafi likvidlik yarada bilər. O deməkdir ki, kreditləşmə 20 faizdə deyil, 30-40 faizlərdə olacaq və inflyasiyaya təsir edəcək” – deyə, Taleh Kazımov qeyd edir.

O, həmçinin manatın dəyərinin dollara qarşı 1.7 olması deyil, Mərkəzi Bankın formalaşdırdığı faizlərin olduğunu öncəki konfranslarda olduğu kimi təkrarladı.

Baş bankir əlavəsində AZİR indeksinin onlar üçün göstərici olduğunu bildirir: “AZİR indeksi 8 faizə çatırsa, bazarda likvidlik çatışmazlığı var, lakin problem deyil. Bu, bir-iki günlükdür. Ya da çox aşağı düşəndə (6.25%) o deməkdir ki, likvidlik izafidir”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.