Bu ilin birinci yarısında Samux rayonunda 2779 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb. Heyvanların süni mayalandırılmasından 401 baş bala alınıb. Ümumiyyətlə, 2012-ci ildən bu günədək rayonda süni mayalanmadan 5 min 928 baş buzov doğulub.
"Kommersant.az"ın xəbərinə görə, Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bununla da lizinq yolu ilə əldə edilən cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına ilk dəfə olaraq rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Bildirilib ki, bu ilin birinci yarısında rayonda iribuynuzlu mal-qara 23 min 659 başa, qoyun və keçilər isə 151 min 87 başa çatıb.
Həmçinin rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 6 ayında rayonda süd istehsalı 52 ton artaraq 13 min 125 ton, ət istehsalı 10 ton artaraq 2 min 667 ton olub.