USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağdamlı fermer:Biçin sahəsini yandıran fermerlər uzun illər bol məhsul götürə bilməzlər

05.08.2018 İqtisadiyyat
0 0
Bəzən fermerlər və torpaq mülkiyyətçiləri taxıl biçini başa çatdıqdan sonra kövşənləri yandırırlar. Bu isə onların məlumatsızlığından irəli gəlir. Çünki həmin fermerlər bunun torpağa nə qədər ziyanlı olduğunu bilmirlər.

"Kommersant.az" bildirir ki, bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Ağdamın Xındırıstan kəndindən olan gənc fermer Yafəs Eyvazov bildirib. O deyib: “Bəzi fermerlər hesab edirlər ki, taxıl biçilmiş kövşənlərin yandırılması ilə zərərvericilərə, həmçinin alaq otlarına qarşı mübarizə aparırlar, eyni zamanda, sahəni samandan təmizləyirlər. Əslində isə bu, olduqca səhv fikirdir. Taxıl biçildikdən sonra sahədə qalan saman təbii gübrədir. Saman bitkidoğrayan aqreqat vasitəsilə xırda doğranmalı, sonra torpaq şumlanmalıdır. Doğranmış bitki qalıqları payız və qış mövsümündə çürüyərək torpağa qarışır və təbii humusa çevrilir. Beləliklə də, hər il əkilən torpağın gücdən düşməsinin qarşısı alınır, onun münbitliyi, məhsuldarlığı artmış olur”.
“Biçin sahəsi yandırıldıqda həmin torpağın üst qatındakı üzvi maddələr, torpağın mikroflorası məhv olur. Torpaqdakı münbitlik kəskin azalır. Hansı ki, növbəti bol məhsul üçün bunlar ən önəmli amillərdir. Ona görə də fermerlər bilməlidirlər ki, biçilmiş sahəni yandırsalar, uzun illər o torpaqdan bol məhsul götürmək mümkün olmayacaq”, - deyə Y.Eyvazov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

  • Əvvəlki

    Taylandda daşqın nəticəsində 70 mindən çox insan zərər çəkib

Digər xəbərlər