USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yol polisi fiziki qüsurlu şəxsi cərimələdi - GÜNAH KİMDƏDİR?

08.08.2018 İqtisadiyyat
0 0
Parklanma yerlərinin təşkili zamanı bəzən əlilliyi olan sürücülər nəzərə alınmır.

"Kommersant.az" xəbər verir ki, bəzi küçələrin avtomobil parkinqində əlilliyi olan şəxslərin maşın saxlamaları üçün xüsusi ayrılmış yerlər yoxdur.

Müsahibimiz Murad Məmmədov artıq bir neçə aydır ki, oxşar problemlə qarşılaşır. İşləri ilə əlaqədar gündəlik olaraq gəldiyi Nizami küçəsi 203 ünvanında ("Af Busines House"un qarşısı) avtomobilini saxlamaq üçün boş yer tapa bilmədiyindən küçənin maşın saxlanılması qadağan olan hissələrində saxlamağa məcbur olur. Yol Polisi əməkdaşlarının isə avtomobilin ön və arxa tərəfində əlillik işarəsinin olmasına baxmayaraq maşının fotosunu çəkərək onu 20 AZN cərimələdiyini iddia edir:

"Öz gücümə aldığım, ayağımı yerdən qaldıran, özü isə ayaq üstə güclə dayanan bir maşınım var, onu da qoymağa yer tapmıram. İki ay öncə ABŞ-da səfərdə olarkən şahidi olmuşdum ki, demək olar ölkənin istənilən avtomobil parklama yerində, əlilliyi olan şəxslərin avtomobil saxlaması üçün xüsusi ayrılmış yerlər var. Bu yerlərdə başqalarının avtomobil saxlamasının cəriməsi isə, 150-200 dollardan başlayır".

Problemə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Qurumun sözçüsü bildirdi ki, söhbət nəqliyyat vasitələrinin parklanmasından gedirsə, təbii ki, ərazilərdə əlillər üçün nəqliyyat vasitələrinin dayanmasına şərait yaradılmalıdır:

"Həmin nəqliyyat vasitələri xüsusi tanınan nişanlarla təchiz edilməlidir. Belə olduğu halda onlar məsuliyyətə cəlb edilə bilməz. Sözügedən ünvanda əlillərin nəqliyyat vasitələrinin park etdirilməsi üçün şərait yoxdursa, məsələ ilə bağlı BNA-ya müraciət edin. Etiraf etmək lazımdır ki, vətəndaş avtomobilinin park edilməsi ilə bağlı yerlərin az olmasından gileylənirsə, haqlıdır. Yeni salınmış ərazilərdə əlillərin avtomobillərini saxlaması üçün yerlər var. Həmin şəxs bizə müraciət etsin və tərəfimizdən əraziyə baxılaraq vətəndaşı razı salacaq cavab veriləcək".

Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev isə məsələ ilə bağlı "Kommersant.az"a verdiyi açıqlamasında bildirdi ki, parklanma yerlərinin təşkili zamanı mütləq şəkildə əlilliyi olan sürücülər nəzərə alınmalıdır:

"Bakı Nəqliyyat Agentliyi şəhərdə bu istiqamətdə apardığı təhlillər zamanı bir sıra çatışmazlıqların olduğunu aşkarlayıb və parklanma yerlərinin idarə edilməsi zamanı həmin çatışmazlıqlar aradan qaldırılacaq. Ötən il başladığımız pandus layihəsinin də əsas məqsədi fiziki imkanları məhdud şəxslərin rahat hərəkətinin təmin edilməsidir. Mərhələli şəkildə işlər aparılacaq və qeyd elədiyiniz ünvan da daxil olmaqla çatışmazlıqlar aradan qaldırılacaq".