USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə-ABŞ razılaşması lirəyə necə təsir edəcək - EKSPERT RƏYİ

07.08.2018 İqtisadiyyat
0 0
"Türkiyənin ehtiyatlı davranması məsləhət olardı, amma artıq gecdir."

"Kommersant.az" xəbər evrir ki, bunu portalımıza açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, lirənin ilin əvvəlindəki qiymətini bərpa etməsi gözlənilən deyil:

"Dünən, Mərkəzi Bankın bazara əlavə 2,2 milyardlıq likvidlik vermə qərarına paralel olaraq TL çox sərt şəkildə dəyər itirdi. Hətta dünən axşam saatlarında Türkiyə bazarları bağlanandan sonra 5,40-a qədər yüksəlmə qeydə alınmışdı. Amma bu gün mövcud məsələnin həlli istiqamətində Türkiyə nazirlər heyətinin Amerikaya səfər edəcəyi ilə bağlı xəbərin yayılması lirənin bir qədər özünə gəlməsinə səbəb oldu. Nəticədə an etibari ilə USD/TL məzənnəsi 5,24-dür."

Ekspertin sözlərinə görə, Türkiyənin xarici borcu əlavə borc yaradır:

"Məsələ ondan ibarətdir ki, Türkiyənin özünün xarici valyutada borcu da kifayət qədər çoxdur. Bura həm özəl, həm də dövlət sektoru daxildir. Özəl sektorun borcu təxminən 225 milyard həcmindədir. Bu 225 milyardın xərclərinin özü də cari ildə Türkiyə şirkətlərinə hardasa əlavə 300 milyarda yaxın borc yükü gətirdi. Bununla da şirkətlərin maliyyə vəziyyətində çətinliklərin yaranacağı gözlənilir. Eyni zamanda bazar faizi riskə bağlı olaraq çox yüksəldiyi üçün vaxtı çatmış borcların yenilənməsi və ya əlavə borcun cəlb olunması zamanı borclanma faizi kifayət qədər yüksəlib. 2 illik TL bazlı dövlət qiymətli kağızalrının illik gəlirliliyi 22%-ə yüksəlib."

C.İbrahimli deyir ki, razılaşma ümumi təzyiqi azalda bilər:

"Amma bu məsələnin həlli istiqamətində Amerikada müəyyən addımlar atılsa da, iki ölkə arasındakı mövcud siyasi gərginlik azalsa da TL-nin ciddi şəkildə dəyər qazanaraq ilin əvvəlindəki 3,79 və ya 4 həddinə çatması gözlənilən deyil. Ölkənin valyuta bazasındakı borc yükü həm dövlət üçün, həm də özəl şirkətlər üçün ölkə tərəfindən çəkiləcək. Amma hər bir halda bu razılaşma təzyiqin bir qədər azalması ilə nəticələnə bilər.

Türkiyə seçkidən yeni çıxmış bir ölkədir, yeni sistemə keçirdi. Uzun müddət idi ki, daxili qeyri-müəyyənlik fonunda risklər yaranmışdı ki, o risklər də ölkə iqtisadiyyatı üzərində müəyyən təzyiqlər yaratmışdı. Bu təzyiqlər də şirkətlərin performansına bu və ya digər şəkildə mənfi təsir etmişdi. Bütün bunların fonunda ölkə iqtisadiyyatı və milli valyutası toparlanmağa çalışarkən bu cür sərt bir gərginliyin yaranması həm ölkənin özünü, həm də şirkətləri risk altında saxladı. İndiki halda da görünür ki, Türkiyə bunun bədəlini ödəyəcək. Zamanında müəyyən qərarlar qəbul edib iqtisadiyyatı bu qədər təzyiq altında qoymamaq da olar, amma artıq gecdir."