USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Evə və ya bağa elektrik enerjisi çəkdirmək vahid tariflə hesablanacaq

07.08.2018 İqtisadiyyat
0 0
Artıq evə və ya bağa elektrik enerjisi çəkdirmək vahid tariflə hesablanacaq, bir fazlı xətti üç fazlıya çevirmək yalnız ASAN xidmət vasitəsilə gerçəkləşəcək.

"Azərişıq"-dan "Kommersant.az"-a verilən məlumata görə, "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri vasitəsilə abonentlərə göstərdiyi xidmətlərdə yeniliklər edilib.

Bunu keçirilən mətbuat konfransında "Azərişıq" ASC-nin Perspektiv İnkişaf və "ASAN xidmət"lə İş İdarəsinin rəisi Elsevər Rüstəmli bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Nazirlər Kabineti əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib və həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı xətlə elektrik enerjisi çəkdirmək istəyən abonentlər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib:

"Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Paralel olaraq Azərişıq ASC-nin ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxemi dəyişdirilməsi - bir fazalıdan üç fazlıya və ya əksinə, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız və yalnız "ASAN Xidmət" və ya "ASAN Kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir".

Sonda Elsevər Rüstəmli məlumat verib ki, aparılan islahatlar və yeniliklərdən sonra 2018-ci ilin 7 ayı ərzində "Azərişıq" ASC-yə "ASAN xidmət" vasitəsi ilə 11500-ə qədər evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib. "Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin böyük əksəriyyəti icra olunub. Ümumilikdə isə 7 ay ərzində "Azərişıq" ASC-yə "ASAN xidmət" vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib".