USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının etik davranış Qaydaları” təsdiq edilib

08.08.2018 İqtisadiyyat
0 0
Kənd təsərrüfatı nazir İnam Kərimov “Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının etik davranış Qaydaları”nı təsdiq edib.

"Kommersant.az" xəbər verir ki, qəbul olunan etik davranış qaydalarının məqsədi vətəndaşların quruma etimadını yüksəltmək, fermerlərin çağırışlarına hazır müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması, Nazirliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır.

Qaydalara əsasən, əməkdaşların xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir.

Qaydalarda etik davranış qaydalarına əməl olunmasının təminatı, rəhbərlik tərəfindən həyata keçiriləcək nəzarətin mexanizmi etik davranış qaydalarının pozulmasına görə məsuliyyətlə bağlı məsələlər öz əksini tapıb.

Qaydalarda Nazirlik əməkdaşının peşəkarlıq və fərdi məsuliyyətinin artırılması, loyallıq prinsipinə əməl edilməsi, qərəzsiz olması və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Etik davranış qaydalarına riayət olunmasının təminatı olaraq bu qaydalar internet vasitəsilə ictimaiyyətə açıqlanacaq.

"Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının etik davranış Qaydaları"na uyğun olaraq, Nazirlik Aparatının, tabeli qurumların, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşlarına etik davranış qaydaları, dinləmə qabiliyyəti, fermerlərin müraciətlərinin düzgün və operativ cavablandırılması və digər bu kimi mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.


(c) Report