Paytaxtda fəaliyyət göstərən şadlıq saraylarının sayı durmadan artır.
Toy menyularının qiymətini müəyyən etmək üçün onların bir neçəsi ilə əlaqə saxladıq. Həmin şadlıq sarayında toy etmək istədiyimizi deyib menyu ilə tanış olduq.
Kommersant.az şadlıq saraylarının təklif etdiyi toy menyularının qiymətlərini təqdim edir:
"Neon Palace"da toy etmək istəyənlər üçün 2 zal fəaliyyət göstərir - 180-200 nəfər tutumlu banket zalı və 450-500 nəfərlik yerə malik yuxarı zal. Həmin zallarda menyu qiymətləri 50, 65, 80 manat arasında dəyişir.
"Buta Palace"da toy üçün 2 zal nəzərdə tutulub. 270-300 nəfərlik zalın menyusu 95,130-165 manata təklif olunur. Ehtiyac olduğu təqdirdə 3 menyu birləşdirilə də bilir. 800-900 nəfərlik böyük zalda isə menyu qiyməti 150 manatdan başlayır.
"Neolit"də isə şadlıq günü üçün qapalı və yay zalı fəaliyyət göstərir. Əsas binada menyu 65 manatdan başlayır. Qonaq sayına görə endirim edilə bilər. Şadlıq sarayının ən böyük zalı 850 nəfərlik "Neolit Hall"dur. Orada isə qiymətlər 120-160-200 manat arasında dəyişir. İnzibatçının sözlərinə görə, menyunun qiyməti 120 manatdan aşağı ola bilməz.
"Cratos"da da toy etmək istəyənlər üçün eynilə 2 zal fəaliyyətdədir (120 və 350-700 nəfərədək). Hər iki zal üzrə menyunun qiyməti 80, 100, 120 manatdır.
Şad gününü "Bakı Əyləncə Mərkəzi"ndə etmək istəyənlər üçün 150 və 500 nəfərlik zallar var. 150 nəfərlik zalda menyu 35 manat, 500 nəfərlik zalda isə 40 manata təklif edilir.
"Ay İşığı" 4 korpusdan ibarətdir. Zalların 800 nəfərə qədər tutumu var. 1 və 3-cü korpuslarda menyu 55 manatdan başlayır. VIP zalda isə 80-150 manat arasında dəyişir.
"Yaxt Club"da 2 zal toy etmək istəyənlərin ixtiyarındadır. Tutumu 100-120 və 300 nəfərlik. Hər iki zal üzrə menyu qiymətləri 90, 100, 110 manat arasında dəyişir. Qiymətə endirim edilə bilir.