2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1 milyard 941 milyon manat köçürüb ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.
"Kommersant.az" xəbər verir ki, bu barədə DGK-nin hesabatında məlumat verilib.2017-ci ilin yanvar-iyul dövründə büdcə daxilolmaları 1 milyard 428 milyon manat təşkil etmişdi.
İyul ayı üzrə büdcə köçürmələr 322 milyon 161 min manat təşkil edib. Bu, 2018-ci ildə ən yüksək aylıq köçürmədir. Bundan əvvəl 2018-ci ildə ən yüksək aylıq köçürmə Aprel ayında 300 milyon 591 min manat olmuşdu.
Ötən ay büdcəyə daxilolmalar gömrük rüsumlarından 85,95 milyon manat, ƏDV-dən 214,51 milyon manat, aksizlərdən 18,25 milyon manat, yol vergisindən 3,45 milyon manata bərabər olub.
2017-ci ilin iyul ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 40,3 faiz, ƏDV-dən 16,3 faiz, aksizlərdən 2,3 dəfə, yol vergisindən 23,3 faiz artıb.
Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 3 milyard 215 milyon manat təşkil edir.