2018-ci ilin 7 ayı ərzində Azərbaycana 768 milyon 206 min dollarlıq yeyinti məhsulları idxal edilib.
"Kommersant.az" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin 7 ayı ilə müqayisədə yeyinti məhsullarının idxalı 20 milyon dollar və ya 2,6% artıb.
Müqayisə olunan dövrdə, əczaçılıq məhsullarının idxalı 99 milyon 369 min dollardan 153 milyon 793 min dollara, Tütün və tütün məmulatlarının idxalı isə 87 milyon 960 min dollardan 73 milyon 296 min dollara düşüb.
Yeyinti, tütün və əczaçılıq məhsullarının idxalına 1 milyard dollara yaxın vəsait sərf edilib.
2018-ci ilin yanvar-iyun aylarında 846,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdi. İyulda da qeyri-neft məhsullarının ixracı bir qədər artıb. Fakt budur ki, qeyr-neft məhsullarının ixracından əldə edilən valyuta yeyinti, tütün və dərman idxalına kifayət etmir.
Bu ilin 7 ayında Azərbaycanın cəmi idxalı 5 milyard 776 milyon dollar, ixracı isə 10 milyard 748 milyon dollar təşkil edib.