Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqust ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 134 milyard 107 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə "Kommersant.az"a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, bu ilin yanvar-iyul aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 621 milyon dollar vəsait daxil olub.
O cümlədən bu ilin ilk yeddi ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 94 milyon dollar təşkil edib.
Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.