Dünən Tovuzda kartof güvəsinə qarşı bioloji mübarizə aparıldığı haqqında mediada məlumatlar getsə də, əkinçilər bunun yalan olduğunu bildirir.
"Kommersant.az" xəbər verir ki, Tovuzun Alakol kəndində yaşayan Sahib Qasımov 25 ildir ki, təsərrüfatla məşğul olur. Məhz Dövlət Fitosanitar Nəzarəti Xidmətinin kartof güvəsinə qarşı vaxtında tədbir görmədiyinə görə böyük məbləğdə ziyana düşdüyünü bildirir:
"2018-ci ilə qədər məhsullarımıza fitosanitar baxış keçirilirdi. Bu il isə xidmət əməkdaşları gözə dəymədi. Məhsul batıb getdi. Kartof güvəsinə qarşı tədbirlər üçün artıq gecdir. Tədbirlər karantin şəklində may ayından etibarən görülməlidir. Niyə kartof çıxanda əl-ayağa düşürlər? Onların mübarizəsi heç bir effekt verməyəcək. Bütün ərazi dərmanlanmalıdır, bir ərazi yox. Qabaqlayıcı tədbirlər görmək lazım idi. Düz Qırıxlı, Alakol və Əyyublu kəndləri Tovuzun kartof əkini ilə məşğul olan əsas kəndlərdir. Bu kəndlərin camaatı həmin idarənin əməkdaşlarını ərazidə görməyib. 25 ton kartofu 40 qəpikdən hesablasaq, 10 min manata yaxın ziyana düşmüşəm".
Tovuzla yanaşı Azərbaycanın cənub bölgəsi də eyni problemdən əziyyət çəkir. Masallı rayon sakini Nihat Əliyevin sözlərinə görə, Azərbaycanda Kənd Təsərrüfatı Naziri Heydər Əsədov olduğu dövrdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları müəyyən dövrlərdə əkin sahələrinə baxış keçirir və lazımi tədbirləri görürdülər. İnam Kərimov Kənd Təsərrüfatı Naziri postuna gəldikdən sonra isə sözügedən qurumun güvəyə qarşı tədbir görməsi bir yana, əkin sahələrinə baxış belə keçirmirlər.
"Hazırda Azərbaycanda kartofa dəyən zərər hər əkinçi üçün ən azı 5 min manatla ölçülür. Yerli bazarda kartof qıtlığının olacağını nəzərə alsaq, bu il kartofun qiymətində artım görə biləcəyik ki, bu qiymət artımında da bir başa Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti məsuliyyət daşıyır. Kartofun qiymətinin artması yenə də biz əkinçilərə dəymiş ziyanı ödəməyəcək. Hər hektar kartof əkin sahəsinə görə 5 min manatdan çox zərər etmişik", - deyə, N.Əliyev bildirib.
Qeyd edək ki, 2016-cı il iyul ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında aqrar sahədə institusional islahatların davam etdirilməsi ilə yanaşı, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi bir vəzifə kimi qarşıya qoyulub.
Respublika ərazisində ilk dəfə 2014-cü ildən başlayaraq karantin tətbiq edilən orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təcrid və ləğvedici tədbirlər üzrə milli proqramlar həyata keçirilməyə başlanıb. 2016-cı ildə təkcə kartof güvəsinə qarşı respublikanın qərb və cənub bölgələrində həyata keçirilən təcrid və ləğvedici tədbirlər nəticəsində güvənin vurduğu itkinin miqdarı 90%-ə qədər azaldılmışdı.
İşdə yol verdiyi ciddi nöqsanlara görə isə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 nəfər aparıcı müfəttişi vəzifələrindən azad edilmiş, 6 nəfər rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilmiş, rayon bitki mühafizə mərkəzinin 10 nəfər rəisinə isə xəbərdarlıq edilmişdi.