Azərbaycanın şimal-qərbində güclü leysan yağışları bölgədəki tütün plantasiyalarına ciddi zərər vurmayıb.
Bunu Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib.
Onun sözlərinə görə, əksər plantasiyalar az miqdarda su altında qalıb ki, bu da əksinə, tütün üçün xeyirlidir:
"Biz indi yağışın kəsdiyi ərazilərdə plantasiyalara baxış keçiririk. Baxdığımız plantasiyaların əksəriyyəti çox az zərər çəkib. Biz hələlik dağlara yaxın və daha yüksəkdə yerləşən plantasiyaları yoxlamamışıq. Orada yağış daha şiddətli yağıb. Əsas odur ki, plantasiyalar tamamilə su altında qalmasın. Bu, tütün üçün zərərlidir".Assosiasiya rəhbəri bildirib ki, ümumilikdə bu il tütün istehsalı əhəmiyyətli dərəcədə artmalıdır:
"Bu il məhsuldarlıq yüksəkdir. Hətta fermerlər qəbul məntəqələrinin azlığından narazıdır. Bu il quru tütünün və tütün məhsullarının istehsalı artmalıdır".
Qeyd edək ki, bir müddət əvvəl T.Həsrətov müsahibəsində bildirmişdi ki, 2018-ci ilin sonunadək Azərbaycanda tütün istehsalının həcmi 30 faiz arta bilər.