USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bərdənin 2 kəndində yeni içməli su infrastrukturu yaradılır

18.08.2018 İqtisadiyyat
0 0
Bərdə rayonunun Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır.

“Azərsu” ASC-dən "Kommrsant.az"a verilən məlumata görə, Bərdə rayonunun kəndlərində içməli su layihələrinin icrasına 2018-ci ilin iyun ayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə əsasən, bu kəndlərdə 2 subartezian quyusunun qazılması, 11,3 km uzunluğunda su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 54 ədəd su bulağının tikintisi nəzərdə tutulub.
Hazırda kəndlərdə subartezian quyularının qazılmasına başlanılıb. Arabaçılar kəndində layihədə nəzərdə tutulan 5,4 km uzunluğunda su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 27 ədəd su bulağının quraşdırılması işləri yekunlaşıb. Hacılar kəndində isə 5,9 km su xətlərinin və 27 ədəd su bulağının quraşdırılması işləri davam etdirilir.

Bərdə rayonunun Arabaçılar və Hacılar kəndlərində icra olunan layihələr ümumilikdə 2500-dək sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq. İndiyədək Arabaçılar və Hacılar kəndlərinin sakinləri içməli suya olan tələbatlarını daşıma yolu ilə və ya quyu sularından istifadə etməklə ödəyirdi. Bu da içməli su təminatında çətinliklərə səbəb olurdu.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq.
Ümumilikdə 2018-ci ildə dövlət investisiya layihələri də daxil olmaqla “Azərsu” ASC tərəfindən icra olunan layihələr çərçivəsində 21 rayonunun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.