USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏƏSM naziri yeni tikilən sosial əhəmiyyətli obyektlərlə tanış olub

19.08.2018 İqtisadiyyat
0 0
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən və son tamamlama işlərinin aparıldığı dördmərtəbəli, 36 mənzilli yaşayış binası ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Kommersant.az"a bildiriblər ki, binanın həyətində, mənzillərdə sakinlərin rahatlığı üçün yaradılan şərait, eləcə də əlillərin maneəsiz hərəkət imkanlarına malik olması, kommunal təchizat sistemlərinin keyfiyyətlə quraşdırılması üçün görülən işlər nəzərdən keçirilib. Qeyd edilib ki, yaşayış binasındakı mənzillər Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyə təqdim olunmuş növbəlilik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə veriləcək.
Nazir, həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış keçirib. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.
Burada onların əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.