"Google maps" Azərbaycanın işğal altında olan torpaqlarını Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərməkdə davam edir.
"Kommersant.az" xəbər verir ki, şirkətin təxribat yönümlü münasibəti hələ də davam edir. Ümumilikdə Qarabağ müharibəsindən indiyə kimi dünyanın nəhəng axtarış sistemi tərəfindən Azərbaycana məxsus 700-dən çox yerin adı dəyişdirilmiş formada təqdim edilib. 2014-cü ilin 18 iyunundan etibarən isə "Google maps"də Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində və "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilməyə başlanıb.
Problemlə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyevlə əlaqə saxladıq. Nazirliyin sözçüsü redaksiyamıza açıqlamasında bildirdi ki, nazirlik tərəfindən edilən müraciətlər hələlik nəticəsiz qalıb:
"Bir müddətdir ki, "Google maps"də Azərbaycanın işğal olunmuş ərazilərindəki məntəqələr erməni toponimləri ilə göstərilir. Müvafiq olaraq 2015, 2016 və 2017-ci illərdə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə "Google" şirkətinə müraciətlər olunsa da, bir çox hallarda müraciətə cavab verilmir, yaxud da rəsmi kontaktlardan qaçılır. Şirkət iddia edir ki, "Google maps"in əməliyyat və konsepsiyasının əsasında istifadəçi müdaxiləsi durur. Yəni, hər bir istifadəçi prosesə daxil olaraq orada müəyyən dəyişikliklər edə bilir".
H.Hacıyev vətəndaşları problemlə mübarizədə fəal olmağa çağırıb:
"Bir sıra narahatlıq doğuran məqamlar vaxtilə tərəfimizdən dəyişdirilsə də, sonradan bəzi erməni lobbi təşkilatları müdaxilə edib fərqli əsasda məlumatları yenidən dəyişiblər. "Google maps" kimi platformalarla əlaqədar məsələlər ortaya çıxanda Azərbaycan vətəndaşlarına, qeyri-hökumət təşkilatlarına, həmçinin xaricdə fəaliyyət göstərən diasporalara, tələbələrə, KİV nümayəndələrinə müraciət və xahişimiz ondan ibarətdir ki, hər bir vətəndaş problemlə mübarizədə fəal olsun. Fərdi istifadəçi müdaxiləsi ilə daxil olub, mövqeyimizi əks etdirməyən məsələlərə müdaxilə edərək dəyişikliklər etmək lazımdır".