USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti Qubada fermerlərlə görüşüb

21.08.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin (DATŞ) nümayəndə heyəti Quba Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) yerli fermerlər və təsərrüfat sahibləri ilə görüşüb.

"Kommersant.az" Nazirliyə istinadən xəbər verir ki, görüşdə məqsəd yerli fermer və sahibkarlarla tanışlıq, şirkətin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.
Görüşdə çıxış edən Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Allahverdi Xudaverdiyev kənd təsərrüfatının inkişafında yeni bir mərhələnin başlandığını və DTAŞ-ın satış problemlərinin həllində fermerlərin əsas dəstəkçisi olacağını bildirib.
Şirkətin direktoru Leyla Məmmədova fermerlər qarşısında çıxış edərək şirkətin yaranma məqsədi və fəaliyyət istiqamətləri, fermer təsərrüfatlarının inkişafı üçün həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib: "Kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatında aparıcı sahələrdən biridir. Bu gün kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. DTAŞ olaraq kiçik və orta təsərrüfat sahiblərinin satışla bağlı problemlərinin aradan qaldırılması istiqamətində səylə çalışırıq. Təbii ki, bu məsələdə qarşılıqlı əməkdaşlıq mütləqdir. Hər bir fermer bizim rayon nümayəndələrimiz vasitəsilə məhsullarına alıcı tapmaq üçün Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edə bilər. Biz də öz növbəmizdə qısamüddətdə məhsul alıcıları ilə fermerləri əlaqələndirəcəyik”.
Kənd təsərrüfatı məhsullarının satışında problemlər yaşanmaması üçün keyfiyyətli məhsul istehsalının vacibliyini bildirən Leyla Məmmədova DAİM vasitəsilə fermerlərlə məhsula qulluq barədə lazımi maarifləndirmə işləri aparılacağını, DATŞ-ın isə məhsulların satışına dəstək verəcəyini deyib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə fermerlər DTAŞ-a fəaliyyətində uğurlar arzulayıblar.
Görüşdən sonra şirkətin nümayəndə heyəti Aşağı Atuc kənd sakini Yavuşva Simanduyevin və Zərdabi kənd sakini Tahir Cəfərovun bağ sahəsi ilə tanış olublar.