USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

21.08.2018 İqtisadiyyat
0 0
Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib.

ƏƏSMN-dən "Kommersant.az"a verilən məlumata görə, tədbirdə nazirlik Aparatının rəhbəri Anar Əliyev Qurban bayramı münasibətilə müəssisənin sakinlərini təbrik edib, xoş arzularını çatdırıb.
A.Əliyev Prezident İlham Əliyevin sosial inkişaf kursunun uğurlarından biri kimi, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşdığını, o cümlədən dövlət himayəsində yaşayan insanların, habelə pensiya yaşına çatmış şəxslərin diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Aparat rəhbəri bildirib ki, dövlət başçısının tapşırığı əsasında son illərdə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb, eyni zamanda, müəssisə üçün 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq istifadəyə verilib.
A.Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələrinin dövlət himayəsində yaşayan insanları da əhatə etdiyini vurğulayıb. O, Heydər Əliyev Fondunun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblər səviyyəsində şərait yaradıldığını diqqətə çatdırıb. Aparat rəhbəri Heydər Əliyev Fondunun sosial əhəmiyyət kəsb edən layihələrinin, humanitar aksiyalarının sosial cəhətdən həssas qruplara, o cümlədən dövlət himayəsində yaşayan insanlara qayğının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Hazırda 220 nəfərin yaşadığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində sakinlərin rahat yaşayışı, mədəni istirahəti üçün hər cür şəraitin olduğu, onların təminatlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd olunub.
Tədbirdə müəssisənin sakinləri də onlara göstərilən yüksək diqqət və qayğıya, burada pensiya yaşına çatmış şəxslər üçün yaradılan şəraitə, eləcə də sosial təminatlarının daim artırılmasına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Tədbir incəsənət ustalarının ifasında musiqili proqramla davam edib.