USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Kommersant.az"a bildiriblər ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14.906 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 348 nəfər (o cümlədən 36 nəfər dövlət sifarişi əsasında), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9.517 nəfər qəbul olunub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.48 faiz dolub. Qəbul aparılan 54 kollecdən 40 kollecdə plan yerləri 100 faiz dolub. Cəmi 147 yer (1.52 faiz) boş qalıb. Onlardan 124 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Xüsusi qabiliyyət imtahanı tələb etməyən 23 vakant yerin ikisi gözdən əlillər üçün idman və müalicə masajı ixtisası, 21-i isə Bakı İdarəetmə və Texnologiya Kollecinə aid ixtisaslar üzrədir (qiyabi, ödənişli).
Avqustun 24-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 9-cu nömrəsində (elektron versiyada, pdf şəklində), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı isə "Abituriyent" jurnalının 10-cu nömrəsində dərc ediləcək.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər isə avqustun 24-dən 30‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb edilən sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Dövlət sifarişi əsasında 25 nəfər İslamşünaslıq ixtisası üzrə Azərbaycan İlahiyyat İnstitutuna, üç nəfər aqronomluq, səkkiz nəfər isə torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub.