"Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir".
"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ilin 22 sentyabrında Pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində bildirmişdi.
Dövlət başçısı qeyd etmişdi ki, statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır:
"Əgər 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, 2015-ci ildə cəmi 35 min ton yığılıb. O illərdə 300 min hektarda pambıq əkilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür".
Qeyd edək ki, son proseslərə görə, pambıqçılığa dəstək məqsədi ilə Ucar Pambıq Emalı Zavodu tikilir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə tikilən və illik emal gücü 40 min ton nəzərdə tutulan zavodun bu ilin sonunadək fəaliyyətə başlayacağı nəzərdə tutulur.
"Su və qida rejimini nizamlamaqla istənilən kənd təsərrüfatı bitkisindən, o cümlədən pambıqdan yüksək məhsul almaq mümkündür. Onun 45-50 sentner məhsul verməyə qabil sortları var".
Bunu redaksiyamıza açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Həsənəli Aslanov bildirib. Onun sözlərinə görə, hazırda ölkədə yerli və xarici sortlu pambıq əkilib-becərilir:
"Strateji əhəmiyyətə malik bitki dünya birjalarında satılır və ona hər zaman tələbat var. Pambıqdan 250 adda məhsul istehsal olunur. Məhsulların əsas hissəsi Türkiyəyə ixrac olunur. Bitkinin bir kiloqramının alış qiyməti 2015-ci ildə 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik olub. 2018-ci ildə isə qiymət 60 qəpik müəyyən edilib, dövlət dəstəyi olaraq pambıqçılara 10 qəpik subsidiya ödənilir. Lakin 70 qəpik fermerləri qane etmir. 80 qəpik olsa, daha yaxşı olar. Bu il respublikada 132, 5 min hektar sahədə pambıq əkilib. Güman ki, məhsul yığımına kütləvi şəkildə sentyabrın 10-dan sonra başlanılacaq".
Ekspert vurğulayıb ki, 2015-ci ilə qədər pambıqçılığın inkişafı ilə bağlı dövlət səviyyəsində heç bir tədbir görülmürdü:
"2015-ci ildə 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdi. Bu isə çox aşağı göstərici idi. 2017-ci ildə isə Sabirabadda 15 min, Saatlıda 17 min 100 (ən çox), Neftçalada 11 min 111, İmişli 15 min 641, Biləsuvar 11 min 351, Bərdə 8 min 518, Beyləqan 8 min 550, Ağcabədi 9 min 550 kektar sahədə pambıq əkilib. İntensiv əkinçiliyə keçmək lazımdır. Söhbət aqrotexnikadan gedir (məhsul vahidinə minimum əmək və vəsait sərf etməklə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin etmək). Torpaqların meliorativ vəziyyətini də yaxşılaşdırmaq lazımdır. Əgər torpağın vəziyyəti yaxşı olmasa, oradan yüksək məhsul almaq olmaz. Ötən il Gəncədə 53 hektar sahədə pambıq əkilmişdi, ancaq 46 ton pambıq tədarük olundu. Özəl zavodlara paralel alternativ zavodlar da fəaliyyət göstərməlidir. Çünki qiymətləri əsasən özəl zavodlar müəyyənləşdirir. Yerli sortlara da üstünlük vermək lazımdır. Xarici sortlar Türkiyə və Yunanıstandan alınır. Onlar gec yetişəndir (noyabr-dekabrda). Bizə isə tez yetişən, sentyabrın sonuna kimi açan sortlar lazımdır ki, oktyabrda yığımı başa çatdıra bilək. Sentyabr-oktyabrda sahəni yığıb qurtaran fermer sahəni şumlamalıdır ki, noyabrın 10-15-nə kimi səpin qurtarsın. Bitkinin səpin müddəti gecikəndə məhsuldarlıq aşağı düşür".
İqtisadçı ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı "Kommersant.az"a açıqlamasında bildirib ki, pambıqçılıqla bağlı Azərbaycanda fundamental və struktur yanaşma sahəsində problemlər mövcuddur:
"Təəssüf ki, bununla bağlı ciddi ictimai müzakirələr, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin tərkibində ciddi müzakirələr və problemlərin həlli yolları ilə bağlı ciddi iş aparılmır. Əsas problemlərdən biri başqa ölkələrə nisbətən pambıqçılıqda əl əməyindən daha çox istifadə olunmasıdır. Bu da həmin sahənin effektivliyində maya dəyərini yüksəldir (rentabelliyini azaldır). İkinci problem isə məhsuldarlığın çox aşağı olmasıdır. Fermerlərə hər hansı inzibati göstərişlə pambıq əkməlisiniz deməkdənsə, həmin sahəni daha rentabelli etmək üçün kifayət qədər çevik dotasiya siyasəti aparmaq lazımdır ki, fermerlərin sahəyə marağı yaransın".