Xəbər verdiyimiz kimi, Fransanın "Air France" və Britaniyanın "British Airways" aviaşirkətləri sentyabrın 18-dən etibarən İranın paytaxtı Tehran şəhəri ilə hava əlaqəsini dayandıracaq.
"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat yayan şirkətlər uçuşları dayandırdıqlarını sanksiyalarla deyil, iqtisadi səbəblərlə – müştəri azlığı ilə əlaqələndiriblər.
Qeyd edək ki, Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti "Buta Airways" Bakıdan Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirir. Tehran Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Bodrum və Təl-Əvivlə yanaşı, iyul ayı üzrə ən məşhur beynəlxalq istiqamətlərin onluğuna daxil olub. Belə ki, həmin istiqamətlər üzrə ümumilikdə 371 min sərnişin uçub.
Tehrana uçuşların dayandırılması gözlənilirmi?
AZAL-ın mətbuat kabibi Paşa Kəsəmənski "Kommersant.az"a açıqlamasında bildirib ki, hələ ki, uçuşlarla bağlı heç bir dəyişiklik yoxdur:
""Buta Airways"in ilk reysi 2017-ci il 1 sentyabrda Tbilisiyə həyata keçirilib, aviabiletlərin qiyməti isə 29 avrodan başlayır. İrana uçuşlarda dəyişiklik edilsə, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, "Buta Airways" Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.