Amerika beynəlxalq elektrikli avtomobil istehsalçısı "Tesla" Nyu-York birjasından çıxmayacaq.
"Kommersant.az" xəbər verir ki, Elon Mask şirkəti özəlləşdirmək fikrindən daşınıb:
"Dünən "Tesla"nın idarə heyətinin üzvləri ilə görüşdüm və qərara aldım ki, şirkət üçün ən doğru yol publik şəxs kimi qalmaqdır", - deyə, Maskın şirkətin bloqunda yazdığı şərhdə bildirilir.
Şirkət qurucusu eyni zamanda bildirib ki, investorların əksəriyyəti şirkətin hazırkı vəziyyətini qoruyub saxlamağın tərəfdarıdır:
"Onlardan bəziləri özəl biznesə investisiya qoyma imkanlarının az olduğunu vurğulamışdılar".
Elon Mask seçimini eyni zamanda "Tesla"nın özəl şirkətə çevrilmə prosesinin çox vaxt apara biləcəyi ilə də əlaqələndirib.
Xatırladaq ki, şirkətin qurucusu avqustun əvvəllərində bəyan etmişdi ki, "Tesla"nın hər səhmini 420 dollara satmaq barədə investorlarla razılığa gəlib. Elon Mask bu məqsəd ilə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə (PIF) danışıqlar apardığını da bəyan etmişdi. Fond nümayəndələri məbləği açıqlamasalar da, mediada yayılan məlumatlara əsasən, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun "Tesla"nın səhmlərini 82 milyard dollara almaq istədiyi bildirilmişdi. Avqustun ortalarında isə ABŞ-ın qiymətli kağızlar və bazarlar üzrə komissiyası (SEC) "Tesla"dan Elon Maskın planları haqqında məlumat tələb etmişdi. Bu isə şirkətin birjadan getməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, ABŞ şirkəti olan "Tesla Motors" 2003-cü ildə elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri istehsal edən şirkət kimi fəaliyyətə başlayıb. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatında, Palo-Altoda yerləşir. "Tesla" eyni zamanda "Daimler" və "Toyota" kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstlərinin satışını həyata keçirir.