USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya ordusu tənqid edildi - MALİYYƏ ÇATIŞMAZLIĞI

25.08.2018 İqtisadiyyat
0 0
"Avropanın ən zəngin ölkəsi olan Almaniyanın donanmasının hazırki vəziyyəti utancvericidir".

"Kommersant.az"ın məlumatına görə, bu barədə "The National Interest"də yazılıb. Nəşr iddia edir ki, maliyyə çatışmazlığı və pis planlaşdırmaya görə Almaniya Hərbi Dəniz Qüvvələri əsas vəzifələrini yerinə yetirmək iqtidarında deyil:

"Əslində, problem yalnız pulun çatışmazlığı ilə bağlı deyil. Çətinlik sualtı qayıqlardan tutmuş hərbi-dəniz aviasiyasına qədər uzanır. Almaniya donanmasının tərkibində 212U tipli 6 ədəd sualtı qayıq var, lakin onların hamısı yararsız vəziyyətdədir. Almaniya analoji qayıqları aktiv şəkildə dünya ölkələrinə satır. Ölkə mediasında donanmanın hazırki vəziyyətini ehtiyat hissələrinin çatışmazlığı ilə əlaqələndirən məlumatlar gedir. Ancaq bu, Avropa İttifaqının ən varlı ölkəsi üçün qəribə deyilmi?"

Məqalə müəllifləri eyni zamanda Almaniyanın hərbi-dəniz aviasiyasını da tənqid ediblər:

"Almaniya hərbi dəniz aviasiyası 2005-ci ildən etibarən Niderlanddan sualtı qayıqlar əleyhinə "P3C" təyyarəsini almağa başlayıb. Halbuki Almaniyanın NATO-dakı müttəfiqləri həmin təyyarələri artıq istifadədən çıxarırlar".

Müəlliflərin fikrincə, Almaniyanın donanması hazırda 1941-ci ilin baharında üzləşdiyi vəziyyətlə (həmin vaxt Kriqsmarin (hərbi-dəniz aviasiyası) müttəfiq qoşunlarla mübarizədə uğursuzluğa düçar olmuşdu) qarşı-qarşıyadır.

Qeyd edək ki, bundan əvvəl "Bild" nəşri Almaniya Federal Hesablama Palatasının hesabatına istinadla məlumat yaymışdı ki, ölkənin müdafiə naziri Ursula fon der Lyayen hərbi texnikadakı qüsurları gizlətməkdə və "yalançı statistika"ya görə ittiham olunub.