USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib

26.08.2018 İqtisadiyyat
0 0
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.

"Kommersant.az" xəbər verir ki, dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşdülər.
Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət Haqverdili və qəsəbə sakini Hüseynağa Kamilzadə yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. Proqramdan irəli gələn vəzifələrin icrası ilə məşğul olan SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib.
Hazırda "Azəriqaz" İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib.
Bildirildi ki, Lahıc qəsəbəsi və ətraf dörd kənd - Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri ilk dəfə qazlaşdırılıb, ümumilikdə 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı, paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Bu ilin yanvar ayından başlayan işlər mürəkkəb relyefə və çətin hava şəraitinə baxmayaraq, uğurla başa çatdırılıb. Bu da onu göstərir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən və artıq başa çatmaqda olan üçüncü Dövlət proqramında bölgələrin qazlaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib, əhalinin təbii qazla təmin edilməsi istiqamətində kifayət qədər ciddi işlər görülüb. Bu isə regionların inkişafına müsbət təsir göstərir, o cümlədən mühüm turizm potensialı olan və füsunkar təbiəti ilə seçilən Lahıc qəsəbəsinin də inkişafında əhəmiyyətli rol oynayacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırdılar.
Sonra xatirə şəkli çəkdirildi.