"Rusiya Dəmir Yolları" Minvodı ilə Bakı arasında "Lastoçka" sürət qatarlarını işə sala bilər.
"Kommersant.az" xəbər verir ki, Stavropol və Dağıstandan keçəcək sürət qatarlarının regionda turist axınını gücləndirməsi gözlənilir. Məlumata görə, Rusiyanın Şimali Qafqaz İşləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu Mineralnıe Vodı - Bakı sürət qatarının buraxılması üzrə yol xəritəsi hazırlayır. Layihənin əsas məqsədi sərnişinlərin Bakıdan Minvodıya daha tez və rahat çatmasını təmin etməkdir.
Sürət qatarı işə düşərsə, Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatmaq mümkün olacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova, məsələ ilə bağlı "Kommersant.az"a açıqlamasında bildirib ki, qurum sürət qatarlarının işə salınması ilə bağlı layihəni müzakirə edir:
"Lakin hələ ki, bununla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilmir".