USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə internet portalı yaradılacaq

27.08.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yaradılmış Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamədə qeyd olunur ki, Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.

Biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması üçün, ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşması, inkişafı və təşviqi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, əlverişli təşviqedici mühit yaradılmasına xidmət edən iqtisadi alətlərin əhatə dairəsini genişləndirməklə biznesin davamlığının möhkəmləndirilməsi barədə, beynəlxalq inteqrasiya prosesinin sürətləndirilməsi və nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması sahəsində, iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək, bundan başqa Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək Komissiyanın vəzifələrindəndir.
Komissiyanın biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatların və elmi müəssisələrin, müxtəlif dövlət qurumlarının və maraqlı tərəflərin nümayəndələrini cəlb etmək və bu istiqamətdə onlarla əməkdaşlıq etmək, sahibkarlıq fəaliyyəti subyektləri və onların nümayəndələri ilə görüşlər keçirmək, belə görüşlərin keçirilməsini təşkil etmək və müzakirələr aparmaq, aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar və altqruplar yaratmaq, onların fəaliyyətini təşkil etmək və əlaqələndirmək, Komissiyanın fəaliyyəti ilə bağlı yerli və xarici ekspertlərin, mütəxəssislərin cəlb edilməsi, habelə müxtəlif tədbirlərin və proqramların həyata keçirilməsi üçün maliyyələşmə ilə əlaqədar aidiyyəti üzrə müraciət etmək hüquqları var.