İyulun 10–dan 16-dək rezidenturaya qəbul olunmaq istəyən namizədlər tərəfindən aparılmış ixtisas seçimi başa çatdıqdan sonra Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabineti Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına ümumilikdə 39 təhsili dövlət sifarişli və Nazirlər Kabinetinin 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə 100 təhsili ödənişli əsaslarla olan plan yerlərinin əlavə edilməsi haqqında qərar verib. Bununla əlaqədar müsabiqə şərtlərini ödəyən namizədlər avqustun 29-dan sentyabrın 3-dək aparılacaq ixtisas seçimində iştirak edə bilərlər.
İyulun 10–dan 16-dək aparılmış ixtisas seçimində iştirak edərək ərizələrini təsdiqləyən namizədlərin ərizələri hüquqi qüvvəsini saxlayır və həmin namizədlərdən ərizələrini yenidən təsdiqləmək tələb olunmur. Lakin plan yerlərinin sayının artırıldığını nəzərə alaraq, ərizəsində dəyişiklik etmək istəyənlər sistemə daxil olub "Ərizənin təsdiqini ləğv et" düyməsini basmaqla istədikləri dəyişiklikləri etməklə ərizələrini yenidən təsdiqləyə bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Kommersant.az"a bildirilib ki, namizədlər 2018-ci il avqustun 29-dan sentyabrın 3-dək müsabiqədə iştirak etmək üçün eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olub ixtisas seçirlər. İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyənləşdirilmiş müsabiqə şərtlərini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar (bax: "Rezidentura" jurnalı, № 2, səh.2 ). Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə (bax: "Rezidentura" jurnalı, № 3, "Rezidentura üzrə ixtisas seçimi cədvəli", səh. 4) uyğun ixtisasları seçir, sonra onların kodlarını (bax: bu elana əlavə edilən "2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul aparılan ixtisaslar") öz elektron ərizəsindəki ixtisas seçimi formasına (bax: "Rezidentura" jurnalı, № 3, səh. 4) istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.
Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bala) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
- baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.
Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda onların hamısı müvafiq ixtisasa yerləşdirilir. Müsabiqənin nəticələri açıqlandıqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən 1.1-ci bənd nəzərə alınmaqla ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Apellyasiya Komissiyası yaradılır. Namizəd müəyyənləşdirilmiş müddətdə Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməklə şəxsən müraciət etməlidir. Apellyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb edilən sənədlərin əslini 10 günədək qəbul olunduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına təqdim etməlidir. Belə ki, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olunmuş şəxslər sənədlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olunmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olunmuş şəxslər isə Səhiyyə Nazirliyinə şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi dəyərləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Namizədlər ixtisas seçimi zamanı aşağıdakı linklərdən istifadə edə bilərlər:
http://dim.gov.az/upload/iblock/6b3/6b3381aa3752dea68b07f2eaabba5037.pdf
http://dim.gov.az/upload/iblock/eb1/eb1199313e82b5e4c1be495722ec1108.pdf