USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ASAN İmza” sertifikatının tanınması üçün Avstraliya ilə əməkdaşlıq araşdırılır

28.08.2018 İqtisadiyyat
0 0
"ASAN İmza" sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı Avstraliya dövlətinin Rəqəmsal Transformasiya Agentliyi (Digital Transformation Agency) ilə müvafiq müzakirələr aparılır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən "Kommersant.az"a bildiriblər ki, qurumun strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn Kanberrada Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı Səfirliyinin rəsmisi ilə görüşüb. Müvəqqəti işlər vəkili Elcan Həbibzadə Avstraliyada elektron imza, o cümlədən "ASAN İmza" sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı bu ölkənin Rəqəmsal Transformasiya Agentliyi ilə müvafiq müzakirələr keçirdiyini bildirib. O vurğulayıb ki, Avstraliya ilə bu sahədə əməkdaşlıq imkanları araşdırılır.
Müvəqqəti işlər vəkili qeyd edib ki, qeyri-rezidentlərə elektron imza, o cümlədən "ASAN İmza" sertifikatının verilməsi qaydası barədə məlumatlar ingilis dilinə tərcümə edilərək səfirliyin internet informasiya ehtiyatlarında yerləşdirilib və bu barədə mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirilir.
Müvafiq proseduralar tam yekunlaşdıqdan sonra isə xaricdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsi təmin ediləcək.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir. Mərkəz Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq yaradılan "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı"nın ölkəmizdən kənarda tanıdılması istiqamətində də fəaliyyətini davam etdirir. Xüsusən də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən "ASAN İmza" sertifikatının verilməsi imkanının yaradılması ilə bağlı müvafiq işlər görülür. "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı" operatoru kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də bu prosesə öz töhfəsini verir və diplomatik korpuslarla əməkdaşlığı dərinləşdirir.