USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar niyə aqrar sahədən üz çevirib? - EKSPERT RƏYİ

01.09.2018 İqtisadiyyat
0 0
Kənd təsərrüfatı sahəsində maliyyələşmə məsələsi son dövrlər daha da aktuallaşıb.

"Kommersant.az" xəbər verir ki, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 11 aprel 2017-ci il tarixli "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalansa da, bankların adıçəkilən sahəni kreditləşdirmə marağının az olduğu görünür.

İqtisadçı ekspert Elman Sadıqov portalımıza açıqlamasında bildirib ki, kənd təsərrüfatı sahəsinin spesifik, ağır və yüksək riskli olması bankların bu sahəyə marağının artmasına mane olan əsas səbəblərdəndir:

"Kənd təsərrüfatı sahəsi açıq səma altında bir fabrik olduğundan, fövqəladə hadisələrə açıqdır. Ona görə də banklar üçün kənd təsərrüfatı sahəsini aktiv kreditləşdirmə risk daşıyır. Gələcəkdə həmin sahədə hər hansı yüksək risk baş verərsə, maliyyə sektoru da paralel şəkildə riskə məruz qala bilər.

Dünya üzrə bankların kənd təsərrüfatı sahəsini maliyyələşdirməsi hər bir kommersiya bankının ümumi kredit portfelinin 10-15%-i həcmində olur. Bu sahə spesifik olduğu üçün ona yanaşma da fərqli olmalıdır. Ticarət müəssisəsi və tikinti şirkətinin maliyyələşməsi ilə kənd təsərrüfatının maliyyələşməsi çox fərqlidir. Belə ki, tikinti şirkəti ona verilən krediti hər ay dövriyyəsindən ödəyə bilər. Onun nağd vəsaitlə dövriyyəsi buna imkan verir. Kənd təsərrüfatı isə mövsümi xarakter daşıyır. Müəyyən məhsulun yetişməsini gözlədikdən sonra onu satan fermer aylıq ödəniş imkanına malik deyil. Kreditin özünün faiz dərəcəsində mütləq fərq olmalıdır.

Tikinti və ticarət, yaxud digər sahələrdə gəlir marjası yüksəkdir. Düzgün qrafik tərtib edilməlidir ki, fermer öz kreditini ödəyə bilsin. Buna görə də kənd təsərrüfatını kreditləşdirmək istəyən banklarda fondlaşdırma, yəni, bankın əldə edə biləcəyi maliyyə vəsaiti ucuz olmalıdır. Kənd təsərrüfatı spesifik yanaşma tələb etdiyi üçün banklar bu sahədə daha geniş bilik və təcrübəyə malik olmalı, mütəxəssislər maliyyəni bildikləri kimi, kənd təsərrüfatı sahəsini də bilməlidirlər".

Ekspert eyni zamanda vurğulayıb ki, kənd təsərrüfatının maliyyələşməsi üçün bu sahədə ixtisaslaşan bankın olmasına da ehtiyac var:

"Məsələn, qonşu Türkiyədə "Ziraat Bank" ilkin olaraq məhz kənd təsərrüfatının maliyyələşdirilməsi üçün açılmışdı (hazırda həm də kommersiya istiqamətində fəaliyyət göstərir). Azərbaycanda kənd təsərrüfatının maliyyələşməsi məqsədi ilə ixtisaslaşan bank olarsa, o, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi kimi kredit fondu ilə sıx işləyə bilər. Bu yolla, həmin bankın maliyyə resursları da daha ucuz olacaq. Çünki dövlət tərəfindən xarici ölkələrdən də maliyyə cəlb edilə bilər. Kənd təsərrüfatı bankı yaranmış olsa, Sahibkarlığa Kömək Mill Fondu (hazırda publik hüquqi şəxsə çevrilib), yaxud da digər fondlardan vəsait cəlb edilib kənd təsərrüfatına yönəldilə bilər.

Bankın fəaliyyətə başlaması ilə onun departamentləri kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış olacaq. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bank öz risklərini kənd təsərrüfatının müxtəlif sahələri üzrə diversifikasiya da edə biləcək. Çünki, hər hansı mövsümdə kənd təsərrüfatının 1-2 sahəsində problem, aşağı məhsuldarlıq olsa da, kənd təsərrüfatının bütün sahələrində belə olmur. Başqa sözlə kənd təsərrüfatının bir sahəsindəki eniş digər sahəsindəki artımla kompensasiya oluna bilir. Kredit monitorinqi isə yüksək səviyyədə təşkil edilmiş olacaq. Kommersiya banklarının isə kənd təsərrüfatı sahəsində çoxsaylı kreditlərin yüksək səviyyəli monitorinqi üçün işçi resursu və maliyyəsi çatışmır".