USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son 2 ayda Azərbaycanda 5 İran şirkəti yaradılıb - SƏBƏBLƏR - AÇIQLAMA

06.09.2018 İqtisadiyyat
0 0
Xarici investisiyalar kapital istehsalatın şaxələndirilməsi və genişləndirilməsində stimul kimi çıxış edir.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi əsasən "Əsrin müqaviləsi"nin imzalanmasından sonra sürətlə artmağa başlayıb. Son 15 il ərzində Azərbaycana 300 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb ki, həmin investisiyaların yarısı xarici sərmayələrdir.

İnvestisiyaların həcmində ilk dəfə 2009-cu ildə 3 milyard manata yaxın azalma baş verib. Buna əsasən neft sənayesinə yönəldilən xarici investisiyaların 1 milyard dollara qədər azalması səbəb olub. 2010-cu ildən başlayaraq yenidən investisiyaların həcmi artmağa başlayıb (3,5 milyard manat və ya 33% artım).

2008-2010-cu illərdə Azərbaycana yönəldilmiş xarici investisiyaların ölkələr üzrə strukturunda Türkiyə, Böyük Britaniya, BƏƏ, ABŞ və Niderland ilk beşlikdə yer alıb. Xarici investisiyaların tərkibində isə neft sektoruna yönəldilən investisiyaların həcmi qeyri-neft sektoruna nisbətən üstünlük təşkil edib.

Digər illərə gəlincə, 2015-ci ilin 7 ayında (yanvar-iyul) Böyük Britaniya Azərbaycana 1 milyard 231 milyon 516 min manat, Türkiyə təxminən 549 milyon manat, Norveç isə 408 milyon manat sərmayə yatırıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 426,1 milyon manatı (86,8%-i) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

2016-cı ilə nisbətən 2017-ci ildə daxili investisiyalar 900 milyon manata yaxın artıb, xarici sərmayələr isə 250 milyon manata yaxın azalıb. Həmin il Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri isə BƏƏ, Səudiyyə və Bəhreyn olub (1,3 milyard dollar).

2018-ci ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar əsas kapitala 897,4 milyon manat vəsait yönəldib. Xarici sərmayənin 86,1%-i Böyük Britaniya, Türkiyə, İsveçrə, Malayziya, Çexiya, Yaponiya, ABŞ, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Vergilər Nazirliyi tərəfindən açıqlanan siyahıya əsasən, 2018-ci ilin iyul-avqust aylarında ölkədə 216 yeni şirkət təsis edilib. Onların 19-u xarici vətəndaşlara məxsusdur. İran vətəndaşları bu dəfə Azərbaycanda 5 şirkət təsis ediblər. Sonrakı yerləri isə Türkiyə (4), Niderland Krallığı (3) və Kanada (3) bölüşür.

Qeyd edək ki, bu günədək (1993-2018-ci illər ərzində) İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq investisiya qoyulub. Hazırda Azərbaycanda 500-dən çox İran şirkəti fəaliyyət göstərir.

Məsələ ilə bağlı "Kommersant.az"a açıqlama verən iqtisadçı ekspert Rövşən Ağayev İran sərmayədarlarının Azərbaycana marağını ABŞ-ın həmin ölkəyə tətbiq etdiyi və gözlənilən sanksiyalarla əlaqələndirib:

"İran bu vaxta qədər Azərbaycana çox cüzi investisiya yatırıb. Düşünürəm ki, məhz ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar, eləcə də qarşıdakı aylarda (noyabrdan etibarən) gözlənilən ciddi problemlər fonunda İranlı iş adamları Azərbaycana sərmayə yatırmağa maraq göstərir. Azərbaycan İrana coğrafi baxımdan yaxın və sanksiyalardan uzaq dövlətdir.

Rusiyaya gəlincə, Rusiya heç vaxt Azərbaycana investisiya qoyan xarici şirkətlərin ilk beşliyində olmayıb. "LUKoil"in Xəzər dənizindəki xarici konsorsiumda iştirakını çıxmaq şərtilə Rusiyanın Azərbaycanda ciddi investisiyası yoxdur. Ümumilikdə Azərbaycanda neftdən kənar xarici investisiyanın həcmi çox azdır (80%-i neft sektoru ilə bağlıdır). Qeyri-neft sektoru, əsasən, daxili investisiyalar hesabına inkişaf edir. Həmin sahədə Türkiyə və ABŞ şirkətləri həmişə nisbətən öndə olub. Kanadanı isə Azərbaycanda tikinti, aqrar emal sənayesi cəlb edə bilər".

Ekspert eyni zamanda vurğulayıb ki, Azərbaycanda investisiya mühitini heç də xarici yatırımlar üçün əlverişli saymır:

"Vergi yükünün ağırlığı, investisiyaların qorunmasını təmin edən qanunvericilik mexanizmlərinin çatışmazlığı, xarici investisiyaları qoruyacaq azad məhkəmə sisteminin olmaması və s. xarici sərmayələrə əsas maneələrdir. Xüsusilə tikinti sektorundakı monopoliya nəticəsində xarici şirkətlərin həmin sektora girişinə elə də asanlıqla "yaşıl işıq" yandırılacağına inanmıram. Bir metro tikintisi uzun illərə həyata keçirilir. Xarici şirkətlər isə onu qısa müddətə və keyfiyyətli şəkildə təqdim etmə qabiliyyətinə malikdirlər. Düşünmürəm ki, Azərbaycan region ölkələri içərisində Gürcüstan qədər xarici investorlar üçün cəlbedici ola bilər".

  • Əvvəlki

    Sabaha olan - HAVA PROQNOZU

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0