USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qobustanda xalça emalatxanası və tədarük məntəqəsinin tikintisi sürətlə davam etdirilir

02.09.2018 İqtisadiyyat
0 0
Bu il istifadəyə verilməsi nəzərdə tutulan xalça emalatxanalarından biri də Qobustan şəhərində inşa olunur. Burada, həmçinin regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi yaradılır. Hər iki obyekt “EL-SEYM İnşaat” MMC tərəfindən tikilir.

Vahid layihə əsasında inşa olunan birmərtəbəli xalça emalatxanası binasında tikinti işləri əsasən başa çatdırılıb. Hazırda dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə abadlıq işləri aparılır.
“Azərxalça” ASC-dən "Kommersant.az"a bildirilib ki, burada 150 nəfər toxucunun, 13 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Binadakı toxuculuq emalatxanasında müxtəlif ölçülü 43 dəzgah quraşdırılacaq. Həmçinin inzibati otaqlar, toxucuların rahatlığı üçün yeməkxana, onların sağlamlığının qorunması məqsədilə tibb otağı istifadəyə veriləcək.
“Azərxalça”nın filialları həm də turizm obyekti kimi mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar respublikamızın bölgələrinə gedən turistlər xalça istehsalı emalatxanalarını da ziyarət edirlər. Toxunan xalçaların satışını həyata keçirmək üçün emalatxanalarda xalça satışı salonları yaradılır. Qobustanda inşa olunan emalatxanada da xalça satışı salonu istifadəyə veriləcək. Xalça emalatxanasında il ərzində, təqribən, 1000 kvadratmetr xalça toxunacaq. Binanın tikintisinin və infrastrukturunun yaradılmasının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bu, Şirvan bölgəsində istifadəyə veriləcək üçüncü xalça istehsalı emalatxanası olacaq. Qobustandakı emalatxanada qədim Şirvan çeşniləri ilə xalçalar toxunacaq. Şirvan qrupuna Azərbaycanın Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Salyan kimi rayonlarında “Gördəst” üsulu ilə toxunan xalça və xalça məmulatları daxildir.
Yerli flora və fauna ehtiyatları ilə zəngin olması tarixən Şirvan bölgəsində boyaqçılıq sənətinin geniş yayılmasına səbəb olub. Bu da xalçaçılığın inkişafına öz təsirini göstərib. Şirvan xalçalarının orijinal bədii tərtibatı, fərqli rəng seçimi onların burada bəslənən qoyunların yüksək keyfiyyətli yunundan hazırlanan, bitkilərdən alınan təbii boyaqlarla boyanan iplərdən toxunması ilə əlaqədardır.
Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu və topladıqları boyaq bitkilərini Qobustanda fəaliyyət göstərəcək tədarük məntəqəsinə verəcəklər. Tədarük məntəqəsində qəbul olunacaq yun və boyaq bitkiləri Sumqayıtda istifadəyə veriləcək fabrikdə emal edilərək ip əyriləcək. Həmin məhsullar bu bölgədəki xalça istehsalı emalatxanalarına göndəriləcək, keyfiyyətli xalçalar toxunacaqdır.
Tədarük məntəqəsində tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Bu obyektin də ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.