USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xətai və Nərimanov rayonları ərazisində yayılan pis qoxunun səbəbi məlum olub

02.09.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin iy-qoxunun yayılması barədə vətəndaşlardan şikayət daxil olub. Nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıb.

"Kommersant.az" xəbər verir ki, aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri tərəfindən 31 avqust və 1 sentyabr 2018-ci il tarixlərində Bakı Neft Emalı Zavodunun ətraf ərazilərində monitorinq keçirilib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürülüb. Analizlərin nəticələrinə görə, havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi tərkibli maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyən edilib.
Ərazidə sonuncu monitorinq bu gün saat 15 radələrində keçirilib və iy-qoxunun azaldığı müşahidə olunub.
Araşdırma zamanı məlum olub ki, iy-qoxu Bakı Neft Emalı Zavodunun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində, 202-305 saylı qurğulardan gələn 500 mm-lik boru xətti, müəssisədə aparılan ümumi rekonstruksiya işləri çərçivəsində, dəyişdirilərkən havaya yayılıb.
Bu cür halların təkrar olunmaması və rekonstruksiya işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən ETSN ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə Zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib.