USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchizatı üçün “Rosneft”lə - Kontrakt imzalayıb

02.09.2018 İqtisadiyyat
0 0
SOCAR Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatına dair “Rosneft”lə Kontrakt imzalayıb.

SOCAR-dan "Kommersant.az"a bildirilib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində "Rosneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt" imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Rosneft"in baş icraçı direktoru İqor Seçin imzalayıb. Kontrakt SOCAR-ın Türkiyədəki "Star" neft emalı zavoduna Rusiya neftinin təchiz olunmasını nəzərdə tutur.
Sənəd bu il avqustun 23-də imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması planlaşdırılır.
"Star" zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanan bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.
Qeyd edək ki, "SOCAR Turkey" şirkətinə məxsus olan "Star" neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığında, Egey dənizinin sahilində yerləşir. "Star" neft emalı zavodunun bu ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək.