Yeni tədris ilinin başlamasına 12 gün qalıb və hər kəs məktəb bazarlığı edir.
"Kommersant.az" xəbər verir ki, övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş yarmarkalara üz tuturlar.
Paytaxtın 10-a yaxın rayonunda, eləcə də "28 May", "Memar Əcəmi","İnşaatçılar" və digər metro stansiyalara yaxın ərazilərdə qurulan yarmarka çadırlarındakı satış sentyabrın 25-nə kimi davam edəcək. "Bakı Metropoliteni"nin "Nəriman Nərimanov" stansiyasının fərqli giriş-çıxışlarında isə 5 yarmarka çadırı fəaliyyət göstərir.
Bəs həmin yarmarkalarda məktəb bazarlığı neçəyə başa gəlir?
Suala cavab tapmaq üçün "28 May" metro stansiyasına yaxın ərazidə qurulan yarmarka çadırlarına baş çəkdik.
Satıcılar bildirdilər ki, yarmarkada satışda olan məktəb ləvazimatlarının qiyməti, mağazalarla müqayisədə aşağıdır.
Məsələn, çantaların qiyməti 15-100 manat arasında dəyişir. Satıcıların sözlərinə görə, valideynlər əsasən 30 manata kimi olan çantalara üstünlük verirlər. Qələm 10-20 qəp. arasında dəyişir, dəftərlərin qiyməti isə 12 qəpikdən başlayır.
Söhbət etdiyimiz valideynlərdən biri qiymətlərin yüksək olmasından gileylənsə də, digərləri qiymətlərin münasib olduğunu bildirdilər.