Məktəbli formalarının mağazalarla yanaşı, orta məktəblərdə də satılması ilə bağlı şikayətlər artmaqdadır.
"Kommersant.az" xəbər verir ki, bu dəfə söhbət konkret olaraq Xırdalan şəhər 2 və 5 saylı orta məktəblərdən gedir. Valideynlərin sözlərinə görə, həmin məktəblərdə formalar 105 manata satılır.
Qeyd edək ki, orta məktəblər üçün formaları "Bakı Tişik Evi" tikir. Orada tikilən, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. 26-54 ölçülü bütün məktəbli köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır.
Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov redaksiyamıza açıqlamasında bildirdi ki, məktəbli formaları məsələsi Nazirliyin tabeliyində deyil:
"Nə Nazirlik, nə də məktəb geyim formalarının satışı məsələsində məsuliyyətli deyil. Məktəbin Pedaqoji Şurası sadəcə olaraq vahid forma ilə bağlı nümunə hazırlayır. Ancaq onun satışını Bakı Tikiş Evi, yaxud digərlər müəssisələr aparır. Satışa Təhsil Nazirliyi nəzarət edə bilməz. Bu həm qanuna, həm də prosedur qaydalarına uyğun deyil".
Xırdalan şəhər 2 və 5 saylı orta məktəblərdə formaların 105 manata satılıb-satılmadığını araşdırmaq üçün həmin məktəblərlə əlaqə saxladıq.
2 saylı məktəbin direktoru Ədalət Camalova "Kommersant.az"a açıqlamasında bildirdi ki, bizə kimin hardan nə aldığı maraqlı deyil:
"Bizə Təhsil Nazirliyinin tələb etdiyi vahid məktəbli forması lazımdır. Valideyn gedib özü geyim alırsa, kim nə deyirsə, mənə maraqlı deyil".
5 saylı orta məktəbdən isə bildirdilər ki, yayılan informasiya həqiqəti əks etdirmir, bu, məktəbə qarşı qarayaxmadır:
"Valideynlərin əksəriyyəti heç məktəbli forması almayıb".