Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb.
"Kommersant.az" xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 4754 ədəd avtomobil idxal edib. Bu isə illik müqayisədə 3,3 dəfə çoxdur.
İqtisadçı ekspert Rəşad Həsənov məsələ ilə bağlı portalımıza açıqlamasında bildirib ki, Gürcüstanda faktiki olaraq yaradılmış imkanlar avtomobillərin daha aşağı qiymətə satılması üçün şərait yaradır:
"Hazırda ölkəyə yeni istehsal olunmuş avtomobillərlə müqayisədə ikinci əl avtomobillərin idxalı artıb. 2013 və 2014-cü illərdə ölkəyə 100 min avtomobil idxal olunurdusa, devalvasiyalardan sonra qiymətlər inzibati qaydada əhəmiyyətli dərəcədə bahalaşıb. 2016-cı ildə avtomobil idxalı 6-7 minə qədər düşmüşdü. Bu isə faktiki olaraq daxili tələbatı ödəmir. 2018-ci ildə milli valyutanın məzənnəsində sabitlik, büdcə xərclərinin artması fonunda əhalinin gəlirlərində baş verən dəyişiklik və bazarda formalaşan tələbat avtomobil idxalının artmasına şərait yaratdı".
İqtisadçı qeyd edib ki, yerli istehsal idxalın azalmasına gətirib çıxara bilər:
"Yerli istehsalla bağlı müəyyən addımlar atılıb. Neftçala Sənaye Məhəlləsində yerləşən "Azərmaş" ASC və "İran Khodro" şirkətinin birgə istehsal etdiyi "Xəzər" avtomobillərinin illik olaraq 1000 ədəd istehsalı nəzərdə tutulub. Əsas məsələ, onların keyfiyyəti və bazarda rəqabətə davamlı olub-olmayacağıdır. "NAZ-Lifan" ilə bağlı təcrübə göstərdi ki, onun keyfiyyəti hətta daxili bazarda belə özünü doğruldacaq səviyyədə deyil".