USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Məzun evi”nin bir qrup sakininə peşə sertifikatları təqdim olunub

07.09.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin 23 nəfər sakini üçün xalçaçılıq peşəsi üzrə təşkil olunmuş peşə hazırlığı kursu başa çatıb.

ƏƏSMN-dən "Kommersant.az"a verilən məlumata görə, kursa cəlb olunmuş gənclər peşə təlimi müddətində qazandıqları bacarıqları nümayiş etdiriblər. Onların hər birinin bacarığı müsbət dəyərləndirilib və gənclərə xalçaçılıq peşəsi üzrə peşə hazırlığı kursunu bitirmələri barədə sertifikatlar təqdim olunub.

Peşə təlimi müəssisənin özündə fəaliyyət göstərən xalçaçılıq sexində təşkil olunub. Kursu bitirən gənclərdən 5 nəfəri elə həmin sexdə işlə təmin olunub. Digərlərinin də xalçaçılıq peşəsi üzrə məşğulluqlarının təmin olunması üçün işlər aparılır.
İki yaşayış binasından ibarət "Məzun evi"ndə valideyn himayəsindən məhrum olan 243 gənc mənzillə təmin edilib. Müəssisədəki gənclərin əksəriyyəti elə "Məzun evi" müəssisəsində, eləcə də ətraf ərazidə yerləşən müəssisələrdə işlə təmin olunublar. Sakinlərdən bir qismi isə özünüməşğulluq proqramına cəlb edilib.