"Turisti qaçırdan səbəblər taksi və xidmət istiqamətlərində turistlərə özəl tətbiq olunan yüksək qiymət "siyasəti", xidmətin çox aşağı səviyyədə olması və ən önəmlisi isə tualet problemidir."
"Kommersant.az" xəbər verir ki, bunu portalımıza açıqlama verən peşəkar turist bələdçisi (gid) Balaş Maqsudbəyli deyib. O, bu ilki yay turizmi mövsümünü təhlil edərkən bildirib ki, ictimai tualetlər turist qarşısına çıxarılmayacaq səviyyədədir:
"Məsələn Bakı-Şəki istiqaməti təxminən 325 kilometrlik məsafədi. Uzaq yoldur, turistlər tualetə ehtiyac duyur. Yol boyunca ictimai tualetlərin sayı çox az, olanlar da gigiyenik qaydalara cavab verməyəcək səviyyədə bərbad gündədir. Kiyevdə hər 4-5 kilomtrdən bir ictimai tualetlər fəaliyyət göstərir. Bu istiqamətdə uğurlu dünya təcrübəsini həyata keçirməyimiz çox yaxşı olar."
Peşəkar gid deyir ki, Bakıdakı restorana turist aparmaq məsləhət deyil:
"Restoranlarda xidmət səviyyəsi həddən aşağı səviyyədədir. Bundan başqa, restoranlar qiymətdə də fırıldaqlığa əl atırlar. Məsələn, turist pivənin qiymətini soruşur, deyirlər ki, 4 manatdır. Turist bir bakal pivəni içəndən sonra hesab 4,40 manat gəlir. Soruşanda da deyirlər ki, 0,40 qəpik xidmət haqqıdır. Bunu əvvəlcədən də demək olar ki, turistdə çaşqınlıq yaratmasın."
ABŞ-ın ölkəmizdə səfərdə olan bank rəhbəri: "25 manat böyük bir məbləğ deyil, amma..."
"Amerika banklarından birinin hindli rəhbəri qızı ilə ölkəmizdə turistik səfərdə idi. Çay içmək istədilər. Onları İçərişəhərdə bir çay evinə apardım. Masaya qənd, bir çaydanda çay və 3 armudu stəkan gəldi. Hesab 25 manat etdi. Ödənişi turist ödədi. Çay evindən çıxanda mənə dedi ki, 25 manat böyük bir məbləğ deyil, amma niyə belə edirlər. Doğru deyil axı..."
90 manata "plov" və ya restoranların "2 menyu" siyasəti
"Bir ərəb şeyxinin şah plov istəyi üzrə onu bir restorana apardım. Plovda sadəcə düyü və qazmaq var idi. aş-qara və ətin niyə olmadığını soruşanda, bəhanə gətirdilər ki, onda qazmaq partlayır. Plovu bir təhər yedik. Maraqlıdır ki, axırda 4 nəfərlik plov üçün 90 manatlıq hesab gəldi. Məlumdur ki, satışda ən bahalı düyünün bir kiloqramının qiyməti 4 manatdır. Artıq o da sirr deyil ki, restoranlar 2 menyu saxlayırlar - biri yerli vətəndaşlara təqdim olunur, biri də turistlər üçündür. Turistlər üçün olan menyuda təbii ki, qiymətlər 2-3 qat baha təqdim olunur."
Turist bələdçisinin sözlərinə görə, regionlarda xidmət, keyfiyyət və qiymət siyasəti paytaxtdakından qat-qat yaxşıdır. Gid deyir ki, turistlər ən çox şimal-qərb regionlarına, özəlliklə də Şəkiyə üz tuturlar.