Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biridir (28 dekabr, 1991-ci il).
"Kommersant.az" xəbər verir ki, 1995-ci ildən iki ölkə arasında diplomatik münasibətlər qurulub və hazırda ölkələr arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlıq həyata keçirilir.
Dövlət başçılarının 2016-cı ilə qədərki qarşılıqlı səfərləri zamanı, tərəflər arasında 20 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-ci ilin 11 martında Zaqreb şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" xüsusi yer tutur. 2015-ci illə müqayisədə, 2016-cı ildə Xorvatiya Respublikası ilə ticarət dövriyyəsi 41,95%, o cümlədən ixrac 17,23% artıb. 2017-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 milyon dollar həcmində olub.
Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş ilk iclasında sənaye, enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə razılaşmalar əldə olunub.
Xatırladaq ki, Xorvatiya Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Transadriatik" qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Azərbaycan eyni zamanda həm TAP, həm də İon-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə, əczaçılıq, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər sahələr üzrə əlaqələrin genişləndirilməsinin vacibliyi də vurğulanmışdı.
"Azərbaycanla Xorvatiya arasında turizm sahəsində əməkdaşlıq imkanları var".
Bunu redaksiyamıza açıqlamasında Azərbaycan-Xorvatiya ticarət əlaqələrini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları da mövcuddur:
"Prezidentin Xorvatiya səfəri göstərdi ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması imkanları var. Xorvatiya, turizmi inkişaf etmiş ölkədir və turizmin inkişafında maraqlıdır. Nəticə etibarilə Azərbaycanla Xorvatiya arasında turizm sahəsində əməkdaşlıq imkanları var. Digər tərəfdən, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları mövcuddur. Xorvatiya Azərbaycan mavi qazını almaqda maraqlı ölkədir. Nəzərə alsaq ki, Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP) Balkandan keçəcək, Xorvatiya, onu Cənub Qaz Dəhlizinə qoşan ya daxili şəbəkə, ya da birləşdirici xətlər vasitəsilə Azərbaycan qazını almaqda maraqlı ölkədir. Azərbaycan üçün mavi qaz nəqlinin diversifikasiyası çox vacibdir. Fərqli bazarlara çıxış imkanını artırmaq Azərbaycanın mövqeyini daha da gücləndirəcək".
Ekspert bildirib ki, beynəlxalq yük daşımalarında da iki ölkənin əməkdaşlıq imkanları var:
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə başladıqdan sonra Azərbaycan vasitəsilə daşınan yüklərin həcmində artımların olacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, Xorvatiya Çindən məhsul idxal edən ölkələrdən biridir, sözügedən xəttin işə düşməsi Xorvatiyanın xüsusilə də Azərbaycan vasitəsilə daha çox yük idxal etməsinə səbəb olar".
V.Bayramov eyni zamanda qeyd edib ki, Azərbaycanla Xorvatiya arasında təkcə enerji, sənaye və nəqliyyat deyil, eyni zamanda aqrar sahədə də əməkdaşlıq imkanları mövcuddur.