USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İdxal olunan kartof məhsulunda zərərli orqanizmlər aşkar edilib

13.09.2018 İqtisadiyyat
0 0
Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilmiş hər biri 24 min 700 kiloqram tutuma malik iki yük avtomobilində olan kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilib.

Bu barədə "Kommersant.az"a Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan və zərərvericidən nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 24 min 700 kiloqram kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Digər fakt üzrə nəqliyyat vasitəsində olan 24 min 700 kiloqram kartof məhsulunun bir hissəsində isə karantin tətbiq edilən kartof güvəsi kəpənəyi zərərli orqanizmləri olduğu aşkar olunub. Kartof güvəsi aşkar olunan 100 kiloqram məhsul seçilərək məhv edilib.
Qeyd olunub ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.