Azərbaycan Hava Yolları QSC (AZAL) İsveçrənin Cenevrə şəhərinə uçuşlara başlayır.
"Kommersant.az" xəbər verir ki, uçuşlar 30 oktyabr 2018-ci il tarixdən etibarən baş tutacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Bakıdan uçuş yerli vaxtla saat 17:30-da baş tutacaq və təyyarə İsveçrə vaxtı ilə 19:35-da Cenevrəyə çatacaq. Geriyə dönüş isə yerli vaxtla saat 20:35-də baş tutacaq və təyyarə növbəti gün, Azərbaycan vaxtı ilə saat 04:20-də Bakıya çatacaq.
Qiymətlərə gəlincə, AZAL-ın sözçüsü Paşa Kəsəmənski "Kommersant.az"a açıqlamasında bildirib ki, aviabiletlərin qiymətləri standart olmur:
"Qiymət təyyarənin dolmağından asılı olaraq dəyişir. Məsələn, 30.10.2018-05.11.2018 tarixində ekonom xidmət sinfi ilə uçuşun qiyməti 415.19 AZN, biznes sinfi ilə uçuş isə 1508.75 AZN-dir".
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" qarşısında sərnişin daşımaları sahəsində duran prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.