USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq ərzaq sərgisində 35 Azərbaycan şirkəti

17.09.2018 İqtisadiyyat
0 0
Sentyabrın 17-də Moskvadakı “Eksposentr” Sərgi Kompleksində 27-ci “WorldFood Moscow” Beynəlxalq ərzaq sərgisi açılıb.

"Kommersant.az" xəbər verir ki, sərginin tərəfdaş ölkəsi olan Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti ilə təmsil olunub.

Sərginin açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. Səfir bildirib ki, Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Soçiyə səfərini xatırladaraq qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında 17 iqtisadi sənəd imzalanıb. Bu, gələcək əməkdaşlıq üçün əlverişli şərait yaradır. Prezidentlər İlham Əliyev və Vladimir Putinin şəxsi dostluq münasibətləri əlaqələrimizin daha da inkişafına kömək edir. Polad Bülbüloğlu vurğulayıb ki, hazırda Azərbaycan şərablarının Rusiyaya ixracının artırılması istiqamətində işlər görülür. O, sərginin iştirakçılarını və qonaqlarını Azərbaycan stendini, sərgi çərçivəsində keçiriləcək Azərbaycan şərablarının peşəkar dequstasiyasına və enoqastronomik furşetinə dəvət edib.

Açılış mərasimində iştirak edən Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Sergey Dankvert, Rusiya Federasiya Şurası Aqrar-Ərzaq Siyasəti və Təbiətdən İstifadə Komitəsinin sədr müavini Sergey Lisovski və digərləri "Made in Azerbaijan" stendini ziyarət edib, burada təqdim olunan məhsullarla tanış olublar.

Bu il "WorldFood Moscow" sərgisində 65 ölkədən 1500-dən çox şirkət öz məhsullarını təqdim edir. Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev AZƏRTAC-a bildirib ki, bu il Azərbaycan İqtisadiyyat Nazirliyi, AZPROMO, ölkəmizin Rusiyadakı Ticarət Nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan sərgidə geniş təmsil olunur. O deyib: "Azərbaycan dövləti "Made in Azerbaijan" brendinin təşviqi üçün məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyev "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi mexanizminə dair Fərman imzalayıb. Bu istiqamətdə görülən tədbirlər öz bəhrəsini verir".

"WorldFood Moscow" sərgisi Moskvadan, həmçinin Rusiyanın regionlarından və MDB ölkələrindən olan topdan və pərakəndə ticarət nümayəndələrinə müxtəlif şirkətlərin məhsullarını təqdim etmək üçün yaxşı fürsətdir. Sərgi biznes planlaşdırılması və yeni işgüzar münasibətlərin qurulması üçün daha münasib dövrdə keçirilir. "WorldFood Moscow" sərgisində Rusiyada və xaricdə istehsal olunmuş meyvə və tərəvəz, baqqaliyyə və qənnadı məmulatları, ət, balıq, çay, qəhvə, konservlər və digər qida məhsulları geniş çeşiddə təqdim olunur. Sərginin işgüzar proqramına Rusiya Qida Forumu, "İlin məhsulu" dequstasiya müsabiqəsi və "Yeniliklər vitrini" müsabiqəsi daxil edilib.

Sərgi sentyabrın 20-dək davam edəcək.

AZƏRTAC