Botulizm heyvanların ağırgedişli infeksion xəstəliyi olub, mərkəzi sinir sisteminin pozğunluğu, dil, udlaq, alt çənənin iflici və skelet əzələlərinin tonusdan düşməsi ilə səciyyələnir. Xəstəliyə əksər növ heyvan və quşlar həssasdır. Bu xəstəliyə insanlar da tutulurlar.
Dövlət Baytarlıq Xidmətindən "Kommersant.az"a bildirilib ki, bu xəstəliyə əksər növ heyvan və quşlar həssasdır. Bu xəstəliyə insanlar da tutulurlar.
Xəstəliyin törədicisi-patogen (toksin ifraz edən) klostridlərə aiddir. Ən güclü toksini amilin A tipi törədir. Belə ki, 10 milliqram kristal toksin Yer kürəsindəki əhalini məhv etmək qabiliyyətinə malikdir.
Atlarda xəstəliyi ən çox amilin B tipi, az hallarda isə A və C tipi törədir. D və C tipi qaramalda, C tipi xırdabuynuzlu heyvanlarda və xəzdərili heyvanlarda xəstəlik törədir.
Botulizmin törədicisi təbiətdə geniş yayılmaqla, onu torpaqda müxtəlif bitkilərin səthindən meyvə-tərəvəzdən, heyvan cəmdəklərindən və s. əldə etmək mümkündür. Yem məhsullarına düşmüş amil anaerob şəraitdə uyğun temperatura və nəmlik şəraitində sürətlə artıb çoxalır və toksin hasil edir. Ətyeyən heyvanlarda yoluxma xarab olmuş ət və balıq məhsullarından baş verir.
Təbii şəraitdə heyvanların yoluxması əsas etibarilə alimentar yolla baş verir. Botulinus toksini ilə heyvanların zəhərlənməsi çox vaxt həzm traktı ilə baş verir. Bundan əlavə, heyvanların zədəli toxumalarında da amilin çoxalması və toksin hasil edilir.
Həşəratlar öz inkişafının bütün dövrlərində özlərində toksin, amilin vegetativ və spor formalarını saxlayır və toksinin fəallığı tədricən zəifləyir. Quşlar çox vaxt ölmüş həşəratları yeyən zaman yoluxur. Torpaqda fosfor az miqdarda olduqda xəstəliyə daha çox təsadüf edilir.
Xəstəliyin inkubasiya dövrü bir neçə saatdan 10 günə qədərdir. Adətən toksiki yem qəbul edilməsindən bir neçə gün keçmiş xəstəlik baş verir. Xəstəlik çox iti formada davam edir.
Xəstə atlarda çeynəmə aktı pozulur, ağızdan maye ifrazı müşahidə edilir. Bəzən atlarda qısamüddətli sancı əlamətləri nəzərə çarpır, sonra udlağın iflici görünür və dil ağızdan xaricə çıxır. Daha sonra üst göz qapağı və alt çənənin iflici yaranır. Çeynəmə tamamilə pozulur. Skelet əzələlərinin tonusdan düşməsi nəticəsində hərəkət çətinləşir, səndələmə hərəkətləri nəzərə çarpır. Görünən selikli qişalar əvvəlcə hiperemiyalı və daha sonra sianozlu görünür. Tənəffüs səthinin tezləşməsi və burun dəliklərinin genişlənməsi müşahidə edilir. Xəstəlik zamanı udlağın iflici ilə əlaqədar olaraq aspirasyon pnevmoniya və qanqrena inkişaf edir. Atlarda taxikardiya aritmiya ilə əlaqədar olaraq ürək fəaliyyətinin pozulması, bağırsaqların peristaltikasının zəifləməsi müşahidə edilir. Xəstəliyin sonunda bağırsaqlarda atoniya inkişafı ilə əlaqədar olaraq qəbizlik və defekasiyanın çətinləşməsi nəzərə çarpır.
Digər növ heyvanlarda kliniki əlamətlər atlarda olduğu kimidir. Bəzən qaramalda xəstəlik xroniki formada getməklə 2 aya qədər davam edir.
Donuzlarda bu xəstəlik nadir hallarda müşahidə olunmaqla, səsin itməsi, müvazinətin pozulması və gözlərinin tutulmasından sonra 1-3 gün müddətində ölümlə nəticələnir. Quşlarda ümumi zəiflik, hərəkətin pozulması, ishal və qəbizlik, ətraflarda, qanadlarda iflic və ölüm müşahidə edilir.
Xəzdərili heyvanlardan botulizm yalnız samurlarda müşahidə edilməklə, əzələlərin zəifliyi, göz bəbəyinin genişlənməsi, hərəkətin pozulması göründükdə ölüm baş verir.
Səthi qan damarlarında qatı, tünd-qırmızı rəngdə qan görünməklə çox vaxt dərialtı toxumanın sarılığı nəzərə çarpır. Nazik bağırsağın selikli qişasında qan sağıntıları görünür. Yoğun bağırsaqda xüsusilə düzbağırsaqda qatı nəcis müşahidə edilir, parenximatoz orqanlarda mühüm dəyişikliklər görünmür. Ağciyərdə şişkinlik, bəzən pnevmoniya və qanqrenozlu iltihab aşkar edilir. Baş beyinin qan damarlarında durğunluq hiss edilir.
Histoloji müayinə zamanı əsas dəyişikliklərin uzunsov beyində, varoli körpüsünə getməsi görünür. Burada ən çox qanlı hüceyrələrdə degenerativ dəyişikliklər nəzərə çarpır.
Yemlərin toplanması zamanı onların torpaq və digər yabanı vasitələrdən çirklənməsinin qarşısı alınmalıdır. Silos hazırlanan zaman müvafiq texnologiyaya riayət edilməlidir. Xüsusilə heyvan mənşəli yemlərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır.
Təsərrüfatlarda botulizm müşahidə edildikdə botulizm əleyhinə antitoksik serum həm müalicə, həm də profilaktika məqsədilə işlədilə bilər.
Heyvanların otlaq sahəsi və su mənbələri yoxlanılmalı, heyvan cəsədləri kənar edilməlidir. Stasionar qeyri-sağlam təsərrüfatlarda torpağın superfosfatla gübrələnməsi və heyvanların yemlərinə mineral birləşmələrin əlavə edilməsi vacibdir. Botulizm xəstəliyinə tutulmuş heyvanları ayıraraq müalicə edir, heyvan cəsədləri isə yandırılır.
Heyvanın müalicəsi üçün mədə soda məhlulu ilə yuyulmalıdır. Bunun üçün 30 qram soda 15 litr suda həll edilir və istifadə olunur. Bundan əlavə bağırsaqların təmizlənməsi üçün dərin imalə aparılmalıdır. Atlara 0,03-0,06 qram arekolin verildikdən sonra burun-udlaq zondu vasitəsilə 10-15 litr suyun verilməsi yaxşı nəticə göstərir. Xəstə atlara bir neçə dəfə qlükozanın venadaxilinə vurulması, həmçinin ürək fəaliyyətini nizamlamaq üçün kofeindən istifadə zəruridir.
Spesifik müalicə məqsədilə botulizm əleyhinə serumdan istifadə edilir. Serum 600 min TV dozada ata venadaxilinə vurulur. Serumla müalicə xəstəliyin əvvəlində və böyük dozada işlədildikdə yaxşı nəticə verir.
Botulizmə qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.
Dövlət Baytarlıq Xidməti bildirir ki, botulizm xəstəliyinə qarşı təklif olunan preparatlar baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.