USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək

19.09.2018 İqtisadiyyat
0 0
Yüksək bal toplayan və Azərbaycan Dövlət Aqrar Universitetini seçən 82 tələbəyə əlavə təqaüd veriləcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Qalib Rəhimli məlumat verib.

Q.Rəhimli bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qeyd edilən "Bilik günü" yüksək balla bu ali təhsil müəssisəsinə qəbul olunan tələbələr üçün ikiqat bayram kimi yadda qalıb. Kənd təsərrüfatı naziri İnam Kərimovun, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və digər qonaqların iştirak etdiyi tədbirdə hər fakültə üzrə ən yüksək bal toplayan tələbələrin mükafatlandırılması ilə yanaşı, ümumilikdə qəbul imtahanlarında yüksək bal toplayan 82 tələbə ilə görüş keçirilib.

Görüşdə kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüdün veriləcəyi elan edilib. Bu, ümumilikdə 44 tələbəni əhatə edib. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr də yaddan çıxmayıb. Tələbələrlə təşkil olan görüşdə qeyd edilib ki, müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd veriləcək.

Beləliklə, ölkə Prezidentinin aqrar sahəyə və aqrar təhsilə diqqət və qayğısı nəticəsində universitetə yüksək balla qəbul olunan 82 tələbə hər ay əlavə təqaüdlə təmin olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri onu da vurğulayıb ki, cari tədris ilində bu kimi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ADAU-ya qəbul olan tələbələrin həm sayını, həm də qəbul ballarını artırıb. Cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə minimum keçid balının 150 olmasına baxmayaraq, faktiki keçid balı əksər ixtisaslarda 200-dən çox olub.