USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ticarət müharibəsinin qalibi hansı valyuta olacaq?

25.09.2018 İqtisadiyyat
0 0
Hazırda dünya iqtisadiyyatında valyuta müharibələri kəskinləşib.

"Kommersant.az" xəbər verir ki, iqtisadi bünövrələri laxlayan ölkələr bir-birinin ardınca öz milli valyutalarını ucuzlaşdırırlar.

Bəs görəsən valyuta müharibəsinin qalibi hansı valyuta ola bilər?

Maliyyə eksperti Samir Əliyev məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, dollar qarşıdakı illərin güclü valyutası olaraq qalacaq:

"Təxminən 10 il əvvəl dollar ucuzlaşmağa başlayanda ekspertlər tərəfindən belə fikir səslənirdi ki, dollar əsas valyuta olmayacaq. Yeni dünya valyutasına ehtiyac var. Həmin dövrdə yeni dünya valyutası qismində avronun, yuanın, hətta Beynəlxalq Valyuta Fondunun ödəniş vasitəsi olan SDR-in (xüsusi borcalma hüququ) adı hallanırdı. Ancaq son 4-5 ildə dollar yenidən öz möhkəmliyini bərpa etməyi bacardı. Dünya ticarətinin 80%-i, valyuta ehtiyatlarının isə 60-70%-i dollarla aparılır. Onun əsasında ABŞ iqtisadiyyatı dayanır".

Ekspert qeyd edib ki, avro həmişə ikinci mövqeli valyuta olub:

"Avro Almaniya və Fransa iqtisadiyyatı üzərində qurulub. Avrozona iqtisadiyyatının lokomotivi də məhz adı çəkilən ölkələrdir. Lakin Avrozonada çoxsaylı dövlətlər olduğundan, onların iqtisadiyyatları da fərqli gücə malikdir (Yunanıstan və İtaliyada baş verən iqtisadi böhranlar). Hər zaman avro ilə bağlı problem yarana bilər. Bu, realdır. Çin yuanı isə son 2 ildir ki, ilk dəfə olaraq beynəlxalq valyuta ehtiyatlarına daxil olub. Payı isə təxminən 2% civarındadır. Çin valyutasının adı dollara alternativ kimi hallansa da, sərbəst dönərli valyuta deyil. Çin iqtisadiyyatı bu gün köpük halındadır. Onun gələcəyi ilə bağlı şübhələr saysızdır. Yaponiya iqtisadiyyatı da iqtisadi inkişaf göstərə bilmir".

S.Əliyev, dollara alternativ valyutalar görmür:

"Tramp siyasəti dolların gələcəyini şübhə altına atır. Ancaq ABŞ iqtisadiyyatı heç də bir nəfərin qərarı ilə idarə olunmur. ABŞ iqtisadiyyatı çox çevikdir. Düşünürəm ki, böhran olsa belə, tezliklə həmin böhrandan çıxacaq. 2008-2009-cu il iqtisadi böhranı buna əyani sübutdur. Lakin Avropa həmin böhranın nəticələrini hələ də tam şəkildə aradan qaldıra bilməyib".