“Dövlət Gömrük Komitəsinin rəsmisinin poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsinə dair verdiyi açıqlamasında "Azərpoçt" MMC-nin əməkdaşları və şöbələri ilə bağlı söylədikləri faktların araşdırılmamış məlumat olduğunu Komitənin rəsmi səhifəsində yayılan xəbərlə DGK təsdiqlədi".
Bu barədə “Azərpoçt”dan verilən açıqlamada bildirilir.
Məlumatda qeyd olunur: "Bu təkzib özü göstərir ki, söylənən faktlar araşdırılmqdadır,hələ heç bir nəticə yoxdur və "Azərpoçt" MMC-yə bu cür halların mövcudluğu ilə bağlı rəsmi müraciət olunmayıb”.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etdiyini, xüsusilə “Azərpoçt”un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəldiklərini bildirmişdi.
DGK isə sonradan məsələ ilə bağlı açıqlama verərək hər bir fakt üzrə araşdırmalar aparıldığını qeyd etmişdi:
"Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim çərçivəsində poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsi zamanı hüquqpozma hallarına yol verilməsinə dair komitənin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin açıqlamasına əlavə olaraq Dövlət Gömrük Komitəsi bildirir ki, hər bir fakt üzrə araşdırmalar aparılır. Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görüləcək".