USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qış istirahəti neçəyə başa gələcək? - TUR QİYMƏTLƏRİ, SİYAHI

01.10.2018 İqtisadiyyat
0 0
Qiymətlər 160 manatdan 2000 manata qədər dəyişir.

"Kommersant.az"ın, Bakıda fəaliyyət göstərən turizm şirklətlərindən əldə etdiyi məlumatlara görə, qış turizmi ilə bağlı müraciətlər artıq indidən başlayıb. Tur agentləri deyir ki, buna səbəb, erkən rezervasiyanın daha ucuz başa gəlməsidir. Turizm şirkətləri də qış turizmi ilə bağlı tur istiqamətlərini müəyyən edib, qiymətləri formalaşdırıblar.

Turizm şirkətlərinin qış turizmi ilə bağlı təklif etdikləri istiqamətləri və qiymətləri təqdim edirik.

"Amore Travel"də qış turizmi ilə bağlı ən çox Dubay və Rusiya istiqaməti ilə maraqlanırlar

"Amore Travel" turizm şirkətindən verilən məlumata görə, indidən qış turizmi ilə bağlı müraciətlər daxil olmağa başlanıb. Buna səbəb erkən rezervasiyanın ucuz olmasıdır.

Şirkətdən bildirdilər ki, tələb olunan qış turları Misir, Dubay və Rusiya istiqaməti üzrədir. Ən çox sifariş olunan qış paketləri 6 gecə 7 günlükdür. Misirə bu müddət aralığında olacaq 1 nəfər üçün tur paket 450 dollara başa gəlir. Bu qiymətə aviabilet, 4 ulduz hoteldə qonaqlama, gündə 5 dəfə qidalanma, sığorta və transfer daxildir.

Daha çox müraciət olunan qış turlarından biri də Dubay istiqaməti üzrədir. Belə ki, bu istiqamətdə 1 nəfərin 6 gecə 7 günlük istirahəti 545 dollaradır. Bu qiymətə aviabilet, 3 ulduz hoteldə qonaqlama, gündə 3 dəfə qidalanma, sığorta və transfer daxildir.

"Amore Travel" ilə qış turizmi çərçivəsində Rusiyaya (Moskva) səyahət etmək istəyənlər də çoxluq təşkil edir. Bu istiqamət üzrə 1 nəfər 5 gecə 6 günlük səyahət üçün 377 dollar ödəməlidir. Bu qiymətə aviabilet, 3 ulduz hoteldə qonaqlama, gündə 1 dəfə qidalanma, sığorta və transfer daxildir.

"Kral Travel"ə də qış turizmi ilə bağlı müraciətlər başlayıb

Bu turizm şirkətinə qış turizmi üzrə, əsasən, 2 istiqamətə müraciətlər daxil olur. Dubayda 1 nəfərlik qış istirahəti 6 gecə 7 gün üçün 320 dollara, Rusiyaya isə eyni şərtlərlə səyahət 670 manata başa gəlir. Bu qiymətlərə aviabilet, 3 ulduz hoteldə qonaqlama, gündə 1 dəfə qidalanma (səhər yeməyi), sığorta və transfer daxildir.

2000 manata qış istirahəti

"Ulduz" turizm şirkətindən bildirdilər ki, qış turizmi üzrə, əsasən, Türkiyə və Dubay istiqamələri ilə maraqlanırlar. Belə ki, Türkiyədə (İstanbul) 1 nəfərin 6 gecə 7 günlük qış istirahəti 1000 manata, Dubaya isə 2000 manata başa gəlir. Bu qiymətlərə aviabilet, hoteldə qonaqlama, qidalanma, sığorta və transfer daxildir.

Şirkətin məlumatına görə, Rusiyaya turlarla maraqlananlar azlıq təşkil edir. Belə ki, bu istiqamətə sadəcə aviabilet almağa üstünlük verilir. Rusiyaya (Yesentuki) 1 nəfər üçün bilet qiyməti isə 160 manatdır.