USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər hektardan 2 ton məhsul götürüləcək

01.10.2018 İqtisadiyyat
0 0
Bu il respublikanın 22 rayonunda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib.

"Kommersant.az" xəbər verir ki, mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir. Bitkinin bir kiloqramının alış qiyməti 2015-ci ildə 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik olub. 2018-ci ildə isə qiymət 60 qəpik müəyyən edilib, dövlət dəstəyi olaraq pambıqçılara 10 qəpik subsidiya ödənilir.

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, pambıq yığımı dekabrın ortalarına qədər davam edəcək və hər hektardan 2 ton pambığın tədarükü nəzərdə tutulur:

"Bütün pambıqçılıq rayonlarında pambıq yığımına başlanılıb. Tərtər rayonunun fermer təsərrüfatlarında yığım prosesindəki vəziyyətlə yerindəcə tanış olduq. Təsərrüfatlarda 1-ci yığımdan hər hektardan 30 sentner 1-ci növ pambıq yığılıb və bu da ilkin rəqəmlərin qaneedici vəziyyətdə olduğunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, təxminən 1 ay sonra həmin sahələrin 2-ci yığıma başlanılacaq və ən azı hər hektardan əlavə 10 sentner məhsul toplanacağı gözlənilir. Yəni hər hektarın məsuldarlığının 40 sentner olacağı gözlənilir ki, bu da ölkə üzrə 2018-ci il üzrə nəzərdə tutulan məhsuldarlıqdan çox yüksəkdir".

Ekspert bildirib ki, 2 tondan aşağı nəticə göstərən təsərrüfatların ərazisi başqa bitki növlərinin əkininə keçirilsə, daha səmərəli olar:

"Ötən il elə təsərrüfatlar var idi ki, 1 hektardan 3,6 ton pambıq əldə etmişdi. Fermer 1 kq pambıqdan 75 qəpik götürür. 40 sentner məhsuldarlıq üçün 75 qəpik yaxşı məbləğdir".

C.İbrahimli vurğulayıb ki, qarğıdalı yemi ilə bağlı subsidiyanın verilməsinə ehtiyac var:

"Məhsul üzrə qiymət isə fərdi bazarda müəyyənləşir".

Xatırladaq ki, təxminən 10 gün əvvəl pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat artırılıb. Qiymət artımı nəticəsində fermerlərin əlavə olaraq 12 milyon manatdan çox gəlir əldə edəcəyi gözlənilir.