Oktyabrın 2-də Bakı Biznes Mərkəzində sahibkarlar və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalar” mövzusunda tədbir keçirilib.
"Kommersant.az" xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyaya uyğun olaraq, ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə
investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72%-i aqrar sektorun, 28%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75%-i regionların, 25%-i Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 113,1 milyon manat güzəştli kredit verilib.
Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun vəsaitlərindən istifadə qaydası, eləcə də güzəştli kreditin verilməsi mexanizmi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.
Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.
Məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun strukturunda Təhlil və risklərin idarə edilməsi şöbəsi yaradılıb və bu şöbə Fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə mütəmadi olaraq təhlil və araşdırmalar aparacaq. Yeni yaradılmış Daxili audit şöbəsi isə Fondun risklərinin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin, idarəetmə prosesinin təkmilləşdirilməsi, eləcə də struktur bölmələrinin auditini həyata keçirəcəkdir.
Aparılan dəyişikliklər həmçinin, beynəlxalq təcrübənin və innovativ yanaşmaların öyrənilərək sahibkarlara daha faydalı təklif və tövsiyələrin verilməsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradacaqdır.
Sonda sahibkarların və müvəkkil kredit təşkilatları nümayəndələrinin sualları cavablandırılıb.