USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Tacikistana xidmət ixrac edir" - TƏHLİL

05.10.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

"Kommersant.az"ın məlumatına görə, Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. İki ölkə arasında iqtisadi-ticari, dağ-mədən sənayesi, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq həyata keçirilir.

BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında sıx əlaqələr var. Tacikistanın gələcəkdə Bakı – Tiflis – Qars dəmir yolu xəttinə qoşulması, tərəflər arasında müzakirə olunan əsas məsələlərdəndir. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanla Tacikistan beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər çağırışlar və təhlükəsizliyin təhdidləri ilə mübarizədə əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək on illin - 2018-2028-ci illərin "Su - dayanıqlı inkişaf üçün" tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir.

2018-ci ilin avqust ayının 10-dək iki ölkə arasında 45 sənəd imzalanıb. Qeyd edək ki, Tacikistan prezidenti Emoməli Rəhmonun bu ilin 9 avqustunda Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması məsələləri və iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığın istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində olub. Səfər çərçivəsində 11 sənəd imzalanıb. Bununla da iki ölkə arasında imzalanmış sənədlərin sayı 56-ya çatıb:

"Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum";

"Azərbaycan Sənaye Korporasiyası" ilə "Tacik Alüminium Kompaniyası" (TALKO) Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu";

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum";

"SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında Anlaşma Memorandumu" .

Son illər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2016-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 91% artıb. 2017-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının 4-cü iclasının yekunlarına dair imzalanan protokolda, Dağlıq Qarabağ regionu daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilmiş hər hansı məhsulun Tacikistanın ərazisinə idxalına/ixracına, satışına və realizə edilməsinə, eləcə də, bu ərazilərdə tacik şirkətlərinin hər hansı iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyinə dair əldə edilmiş razılıq xüsusi qeyd olunub.

Bu ilin 1 yanvar-31 avqust tarixlərində Azərbaycanla Tacikistan arasında 3296.46 min dollarlıq ixrac əməliyyatı, 53.40 min dollarlıq isə idxal əməliyyatları həyata keçirilib.

Azərbaycan-Tacikistan iqtisadi əlaqələrini şərh edən iqtisadçı alim Vüqar Bayramov redaksiyamıza açıqlamasında bildirib ki, iki ölkə arasında maksimal ticari göstərici 2006-cı ildə qeydə alınıb:

"Tacikistan, Azərbaycanla birlikdə MDB-də təmsil olunur və MDB-nin iqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrindən hesab olunur. 2017-ci ildə Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsi 2 milyon 45 min dollar olub. Halbuki bu göstərici 2016-cı ildə 12 milyon 322 min dollar təşkil edirdi. Bu isə o deməkdir ki, 2017-ci illə müqayisədə 2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 dəfəyə yaxın azalıb. 2006-cı ildə də Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsi 131 milyon 186 min dollara qədər yüksəlmişdi.

2017-ci ildə Tacikistandan ölkəyə 7,4 min dollarlıq, 2016-cı ildə isə 238 min dollarlıq məhsul idxal olunub. Lakin Tacikistana ixrac idxalla müqayisədə daha çoxdur. Tacikistanın istehsal etdiyi spesifik sənaye məhsulları azdır. Bu baxımdan da Tacikistan Azərbaycan üçün idxal baxımından cəlbedici ölkə deyil. Tacikistan Azərbaycanın telekommunikasiya peykindən istifadə edir. Yəni, Azərbaycan Tacikistana xidmət ixrac edir".

İqtisadçı qeyd edib ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olduğundan, iqtisadi münasibətlərdə artımın olacağı proqnozlaşdırılır:

"Tacikistanın bazarı nisbətən kiçikdir. 8,7 milyon istehlakçısı var, alıcılıq qabiliyyəti aşağıdır. Ölkədə ÜDM 27,8 milyard dollar təşkil edir ki, həmin vəsaitdən adambaşına 3,2 milyard dollara yaxın pul düşür. Tacikistanda Nominal ÜDM isə 7,2 milyard dollardır. Məbləğdən adambaşına 819 dollar düşür. Lakin Azərbaycanla Tacikistan arasında strateji baxımdan əlaqələrin genişləndirilməsi imkanları mövcuddur. Bu, sadəcə vaxt tələb edir".